"Plyonka" olar, ya olmaz: Hansı Vaqif Əsədov düz danışır?
Son günlər plyonka ilə bağlı yayılan məsələ sürücüləri çaş-baş salıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, DYP-dən verilən ikibaşlı açıqlamalar bir neçə saytda dərc olunub.
Belə ki, mayın 28-də Bakı Şəhər DYP idarəsinin bölmə rəisi Vaqif Əsədov mətbuata açıqlama verərək bildirib ki, avtomobillərin arxa yan şüşələrinə (sürücünün kürəyindən arxada qalan şüşələrə) plyonka vurulmasına görə heç kim cərimələnməyəcək. Bu başlıqla yazı dərc olunduqdan sonra bir çox sürücü avtomobilinin arxa yan şüşələrinə plyonka vurmağa başlayıb.
Bundan sonra Vaqif Əsədov digər saytlara açıqlama verərək bildirib ki, avtomobillərə plyonka vurmaq qadağandır: "Plyonka birmənalı qadağandır və kimlərsə şayiə çıxarıb. Qanun "yox" deyirsə, polis "hə" deyə bilməz".
Beləliklə sürücülər arasında çaşqınlıq yaranıb.
Vaqif Əsədovun "sürücülər cərimələnməyəcək" sözü isə boşa çıxdı.
Belə çıxır ki, Avtosfer.az-a açıqlama verəndə şayiəni özü yayıb və sonradan şayiə yayıldığını bildirib.
Artıq Bakıda və regionlarda, avtomobillərə vurulan plyonkaya görə sürücülər 150 manat cərimə olunmağa başlayıb.
Odur ki, sürücülərə tövsiyyə edirik ki, vurduqları plyonkaları söksünlər və "sürücülər cərimələnməyəcək" sözünə inanmasınlar.
Bəs qanun nə deyir?
Qeyd edək ki, minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi "Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.
Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.
Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
Küləyə qarşı şüşələr üçün - 75 %
Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %
Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.
"Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.
Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.