Şamaxıda startap turunun qalibləri seçilib- FOTOLAR
Bu il “I2B-İdeyadan biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının əhatə dairəsinə qatılan regionlardan biri də Şamaxı rayonu olub.
2018-ci ildən etibarən icrasına başlanan layihə çərçivəsində bu gün Şamaxı rayonunda ilk startap turu təşkil edilib.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də iştirak edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan startap turuna Şamaxı ilə yanaşı, Ağsu, İsmayıllı, Qobustan, Kürdəmir, Beyləqan, Füzuli, Baləkən, Qəbələ və digər ətraf regionlardan olan 100-dən çox gənc qatılıb.
Tədbirin informativ hissəsində layihənin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçılar məlumatlandırılıb.
Daha sonra Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə interaktiv hissədə ideyalarını təqdim etmək üçün 10 komanda formalaşdırılıb.
Mentorlar təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması, eləcə də, startap-komandaların və ideyaların formalaşdırılması üsulları ilə bağlı iştirakçıları müsabiqəyə hazırlayıblar.
Müsabiqədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.
Nəticədə Şamaxı şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Müvafiq olaraq “İqor”, “With us to new innovation”, “Tag screen” layihələri qalib seçiliblər.
Qalib komandalar avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıb. Yay düşərgəsində "I2B-İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzləri nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər.
Oktyabrda keçiriləcək Milli Finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq.
Milli Finalda təşkilatçılar və tərəfdaşlar tərəfindən qalib gələcək ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.
Xatırladaq ki, “İdeyadan Biznesə” startap turlarının Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz, Lənkəran və Şamaxı şəhərləri üzrə qalibləri artıq məlumdur. Naxçıvan, Zaqatala və Şəki startap turlarında isə “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.