İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi informasiya təhlükəsizliyi ilə bağlı yeni layihəyə başlayır
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyi yeni layihəyə başlayır.
Cebhe.info xəbər verir ki, “İnternet informasiya resurslarında milli maraqlar və vətəndaş təhlükəsizliyinin qorunması istiqamətində tədbirlərin təşkili” adlı layihə 3 ay (01 may – 01 avqust) müddətində keçiriləcək.
Layihənin əsas istiqaməti internet informasiya resurslarında informasiya təhlükəsizliyini - dövlət sirləri, toplum və vətəndaş təhlükəsizliyinin əleyhinə olan məlumatların, radikal cərəyanların fəaliyyətini təbliğ edən reklam xarakterli informalasıyaların yayılmasının qarşısını almaq üçün maarifləndirmə, ictimai müqavimətin təşkildir.
Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov bildirib ki, ölkədə diqqətdə saxlanılmalı ən vacib məsələ informasiya resurslarının sürətli inkişafı fonunda təhlükəsizliyin qorunmasıdır:
“Demokratik ölkələrdə bu məsələnin tənzimlənməsi üçün müəyyən qanunvericilik bazası formalaşdırılıb. Eləcə də həmin ölkələrdə müxtəlif konsepsiyalar qəbul edilir və bununla da ölkənin informasiya təhlükəsizliyi tənzimlənir. İndiki dövrdə bizim üçün də bu məsələ aktualdır”.
R.Becanov onu da əlavə edib ki, layihə sosial şəbəkə istifadəçilərinin üstünlük təşkil etdiyi bölgələrdə - Sumqayıt, Quba, Bakıda keçiriləcək:
“Layihənin praktik hissəsi əsasən bu 3 regionda həyata keçiriləcək. Ümumi olaraq isə layihə sosial media vasitəsilə bütün Azərbaycanı əhatə edəcək. Layihə çərçivəsində Facebook sosial şəbəkəsində müzakirələr ümumilikdə 9 müzakirə keçiriləcək. Bundan əlavə olaraq internet televiziyasında ekspertlərin iştirakı ilə 3 telemüzakirə təşkil olunacaq”.