Dövlət Komitəsinin sədri Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru ilə görüşüb
Aprelin 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin ölkəmizdə səfərdə olan direktoru Aleksandra Bilakla görüşüb.
Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşlikatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş üzrə düşünülmüş və effektiv dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, maddi rifahının yüksəldilməsini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həlli üçün məqsədyönlü iş aparır.
Qonaqlara məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədi ilə keçirilən əmək yarmarkaları, eləcə də onların müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunmaları üçün keçirilən aksiyalar haqqında ətraflı məlumat verilib.
Cenevrədə yerləşən Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsindəki dövlət siyasətini, onların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib, ölkəmizdə mövcud təcrübənin dünyada nümunə olduğuna diqqət çəkib.
Mərkəz haqda məlumat verən A.Bilak bildirib ki, mərkəz hər il Daxili Köçürülmə üzrə Qlobal Hesabat tərtib edir. Hesabatda son statistik və ölkələrdə vəziyyətlər üzrə məlumatlar, eləcə də tematik və siyasi təhlillər təqdim edilir. Qlobal Hesabatda həmçinin dünyada münaqişə və təbii fəlakətlər nəticəsində ölkə daxilində köçürülmüş şəxslərin sayı açıqlanılır. Hesabatda ölkə daxilində köçürülmələr üzrə təqdim edilən statistik məlumatlar və təhlillər dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalistlər və elmi dairələr tərəfindən əsas məlumat mənbəyi kimi istifadə edilir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak qəbula görə minnətdardılığını bildirib.