Elinanın çantasına psixotrop tabletkanı kim qoyub?- Xalidə Bayramovaya AĞIR suallar?
Xalidə xanım, vicdanınızı necə susdura bildiniz?
Bakı şəhəri 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən atılıb, intihar edən məktəbli Elina Hacıyevanın ölümü ətrafında müzakirələr səngimək bilmir. İstintaq gedir. Cəmi bir nəfərin, məktəb direktorunun ev dustağı olması barədə qərar çıxarılıb. Mənə qalsa həm ədalətlidir, həm ədalətsiz.
Ədalətlidir ona görə ki, hadisə məktəbdə baş verib. O, xanım direktor olub. Uşağa ehtinasız, diqqətsiz yanaşıb. Hadisədən sonra da bağışlanmayacaq səhvlər, günahlar törədib. Cəza almalı idi.
Ədalətsizdir ona görə ki, direktor, cəza almalılar arasında ən zəif bənd idi. O mənada ki, həkimlər Səhiyyə Nazirliyinin, hadisə yerində olan Səbail rayon icra başçısının müavini Xalidə Bayramova idarəçilik orqanlarının himayəsində qaldı. Bircə təhsil naziri direktor haqda ədalətli qərar verdi, öz kadrının müdafiəsindən və himayəsindən məhz günahı olduğu üçün əl götürdü.
Həkimlər hələlik susur, məsələ ilə bağlı adı hallanan Səbail icra başçısının birinci müavini Xalidə xanımsa danışıb. Danışıb deyəndə ki, yazılı müraciət yollayıb. Hara və kimə?! Ölkədə bu qədər media strukturu arasında Meydan TV-ni seçib. Müraciəti oxuduqca adam heyrətə gəlir. Ölkədə az qala özünü ədalət "simvoluna” çevrən Meydan TV-nin mövqeyinə, həm də xanım müavinin fikirlərinə. O müraciətdə dedikləri haqda media adamı olaraq xanım Bayramovaya, onu müdafiə edənlərə, müraciəti yayıb, sualları verməyən meydançılara, çoxlu suallarım var…
- "Meydan.tv” müraciətdə yaranan sualları Xalidə Bayramovaya niyə verməyib?
- Xalidə xanım "Meydan.tv” ilə üzvü olduğu siyasi komanda arasındakı münasibətdən xəbərdardırmı? Onu Azərbaycanın qara piarçısı "Meydan.tv”-yə aparan hansı səbəb olub?
- Xalidə xanım müraciətində deyir ki, belə hadisələrdə sonradan şəffaflığı təmin etmək üçün telefona çəkmək təcrübəsi var. Maraqlıdır, bu günəcən neçə olayı çəkib?
- Bu hadisədən sonra Səbailin icra başçısı ona işdən getməyi təklif edibmi? Edibsə cavabı nə olub?
- Xalidə Bayramovanın müdafiəsinə qalxanlar, xüsusən hakim YAP-dan deputat Aydın Mirzəzadə onu müdafiə edərkən düşünmədimi ki, o, partiyasının susub müşahidəyə üstünlük verən liderinə qarşı getdi və bu kənardan çox eybəcər göründü?
- Xalidə xanımın çəkilişində əks olunan səs, "inşallah sağ qalmaz” deyən kimin idi və kimi nəzərdə tuturdu?
- Xalidə xanım deyir ki, xəstəxanada olub, maraqlıdır hansında, toksikologiyada, yoxsa travmotologiyada?
- Xəstəxanada sadəcə müşahidə etmədim deyən Xalidə xanım, görəsən uşaq səhv xəstəxanaya yönəldiləndə niyə susub?
- O həkim uşağın ailəsinə yalanı sizin yanınızdamı deyib, Xalidə xanım?
- Ümumiyyətlə, ailənin aldadılmasını bilirdinizmi? Bilirdinizsə niyə susdunuz? Bilmirdinizsə niyə tələb etmədiniz ki, real vəziyyəti onlara desinlər?
- Can verən uşaq həkimlərə yalan məlumat verən vəzifə sahibi olan qadınları söz deyə bilsə də satmayanda, çox, lap çox maraqlıdır, Xalidə xanım və ordakı digərləri az da olsa xəcalət çəkiblərmi?
- Elinanı zarıyan, yaralı, kimsəsiz görəndə ana, qadın, insan olaraq Xalidə xanımın gözündən bircə gilə də olsa yaş gəlibmi?
- Uşağın xəstəxanaya getməsinə iki saat maneçilik törədilib. Niyə göz yummusunuz ki, Xalidə xanım?
- Çoxdan düşünürdüm, "Meydan.tv” təkcə xaricdəki yox, həm də Azərbaycandakı xeyli adama öz məqsədi üçün lazımdır. Elina cinayətində üzə çıxan bu detalı istintaq nəzərə alır və araşdırırmı?
- Xalidə Bayramovaya, dövlət qulluğunda olan birinə, "Meydan.tv”-yə get” məsləhətini hansı "dostu” verib?
- Hamının agzina məsələ ilə bağlı az qala "qapaq vuran” istintaq, prokurorluq nə əcəb, Xalidə xanımın "Meydan.tv” ilə əməkdaşlığına mane olmayıb?
- Xalidə xanım, uşağın yıxılmağını gizlədənlərə ortaq, həkimləri zəhərlənmə səbəbi ilə aldadanlarla çiyin-çiyinə necə dözdünüz? Vicdanınızı necə susdura bildiniz?
- Uşağa psixotrop tabletka verilməsi iddiası nə qədər həqiqətə uyğundu Xalidə xanim? Deyirlər hələ uşağa narkoman adı qoyulsun deyə birini də çantasına qoyub kimsə? Düzdürmü?
- Xalidə xanım, siz "həsribasma dolanıb gəlməklə”, yəni mediaya cıxışınızı dövlətə, dövlətçiliyə qarşı guya ən sərt söz deyən "Meydan.tv”-dən başlamaqla, nə demək istədiniz? Azərbaycanda media strukturu yalnız "Meydan.tv”-dən ibarətdir, yoxsa siz özünüz də onlardan olduğunuz üçün belə etdiniz?
- Xalidə xanım, niyə hamıya əvvəl "mən deyiləm” deyib, indi ordakı qadının siz olduğunu etiraf etdiniz? Yalan nəyə lazım idi?
- Özünüzü sudan quru çıxarmaq istəyirsiniz, guya günahınız yoxmuş, safsınız. Xalidə xanım, siz Elinanın ruhu qarşısında da saf və vicdanlısınızmı?
…Ən sonda, bilirsinizmi, Xalidə xanım, Elinadan danışanda, yazanda, özünüzü adamlara təqdim edəndə, sıyrılıb cəzadan qaçmağa çalışanda "bu qadındakı soyuqqanlılığın bircə faizi məndə olmuş olsaydı”, dedim…Dərhal da düşündüm ki, olsaydı yəqin bu yazı yazılmazdı. Və yəqin, elə mən də azı sizin rütbədə, bəlkə hələ sizdən də yüksək vəzifədə olardım. Şükür, yaxşı ki, deyiləm. Yaxşı ki, illərlə yığdığımı (məndə olan hörmət və dostlardır, sizi bilmirəm-J.M.) bir balaca qızcığaz, Elina, "vurub dağıtmadı”… Sizi ölsə də yerlə bir elədi amma…
Jalə Mütəllimova (musavat.com)