Qubad İbadoğlu çağırış etdi: "Yasin Quliyevin MİT-də oxumasına dəstək olaq"
İqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədə 17 yaşlı istedadlı gənc Yasin Quliyevlə bağlı çağırış edib.
AFN-in verdiyi xəbər görə, Q.İbadoğlu bildirib ki, bu cür istedadlı gənclərin təhsilinə töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir.
O bildirib ki, Türkiyənin Sabancı Universietinin bakalavr pilləsində təhsil almaq üçün 56 min dollar ( bu Universitetdə xarici tələbələr üçün 1 illik təhsil haqqı 18 min dollardır) məbləğində tam təqaüd qazanan 17 yaşlı istedadlı gənc Yasin Quliyevin uğuru yalnız onun, ailəsinin və vaxtıilə mənim də məzun olduğum məktəbin deyil, həmçinin Azərbaycanın adınadır:
"Açıqlamalarından gədiyim qənaət ondan ibarətdir ki, Yasin ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyənin Sabancı Universitetini seçib. Çünki, yalnız bu Universitet onu təhsil haqqı ödəməkdən tam azad edib. Bununla yanaşı, Yasin ABŞ-ın Massaçusets, Boston, İllinoys, Şimali Florida Universitetlərinə də qəbul olub. Göründüyü kimi onlar arasında dünyaca məşhur Massaçusets Texniki Universiteti (MİT) vardır. Lakin həmin Universitet onu təhsil haqqından qismən azad edir. Çox istərdim ki, Azərbaycanın talantı Yasin Quliyev ABŞ-da MİT-də təhsil alsın. Odur ki, burdan Təhsil Nazirliyinə, yerli fondlara və donorlara, iş adamlarına, xeyriyyəçilərə müraciət edirəm, gəlin Yasin Quliyevin bir çox reytinq cədvəllərində dünya üzrə ilk onluqda qərarlaşan MİT-də (The Times Higher Education World University Rankings 2019 görə, dünyanın 1250 seçilmiş Universiteti arasında MİT 4-cü, Sabancı isə 351-400-cü yerdədir) təhsil almasına dəstək olaq. Unutmayaq ki, bu cür istedadlı gənclərin təhsilinə töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir. Mən də öz tərəfimdən ABŞ-da Yasinin qarşılayıb, yerləşdirməyi öhdəmə götürürəm. Mətbuatdan da xahişim odur ki, bu təşəbbüsün ictimailəşdirilmədinə dəstək versinlər".
İqtisadçı alim bir zəruri məqamı da qeyd edib. Birincisi, Yasin Quliyevi şəxsən tanımıram, kaş o vaxtında xaricdə təhsil şirkətinə deyil, mənə müraciət edəydi. Mən onun ABŞ Universitetlərində tam təqaüd qazanması üçün yardımımı da əsirgəməzdim.