1 ay ərzində dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb
Mirzə Əliyev: “Texnika və damazlıq heyvan satışı bazarının liberallaşdırılması iqtisadi təhlükəsizliyin təmini istiqamətində əhəmiyyətli addımlardandır”
Mart ayından aprelin 15-dək Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına yeni qaydalarla 506 kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı həyata keçirilib. Satılmış texnikanın 411-i Aqrolizinq ASC-yə, 95 ədədi isə digər təchizatçılara məxsus olub. Ümumilikdə 32 milyon manatlıq texnika satışına görə 12,8 milyon manat dövlət vəsaiti ayrılaraq subsidiya kimi fermerlərin əvəzindən təchizatçılara ödənilib.
Bu müddət ərzində Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə 8 milyon manat kredit verib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, mart ayındakı istirahət günlərinin sayı nəzərə alınanda bu nəticəyə 1 ay ərzində nail olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il Fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb. Bu Fərmana qədər yalnız səhmləri dövlətə məxsus Aqrolizinq Səhmdar Cəmiyyətinin bazalarında olan texnika və damazlıq heyvanın satışına dövlət güzəşti tətbiq edilirdisə, yeni qaydalara müvafiq olaraq istənilən təchizatçıdan kənd təsərrüfatı texnikası və damazlıq heyvan alan şəxs dövlət güzəştindən faydalana bilir.
Qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikasının dəyərinin 40%-i, damazlıq heyvanın isə dəyərinin 60%-i məbləğində vəsaiti Aqrar Kredit və İnkişaf Agentliyi fermerin əvəzindən təchizatçıya ödəyir. Bundan başqa, texnika və heyvanın güzəştli kreditlə satışı zamanı kredit faizlərini də AKİA vətəndaşın əvəzindən ödəyir.