Vahid Əhmədovdan Vüqar Gülməmmədova müraciət: "7 milyardlıq vəsait nəzarətə götürülsün"
Parlamentin plenar iclası öz işini davam etdirir. Hesablama Palatasının illik hesabatı ilə bağlı müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov sənəddə əksini tapan faktlara diqqət çəkdi. “Sənəddə göstərilir ki, hesabat ilində 714 nöqsan aşkar edilib. Bu, böyük rəqəmdir”.
Deputat dedi ki, əsasən 4 sahədə çox ciddi problemlərin olduğu ortaya çıxıb, həmçinin kreditlər və dövlət satınalmaları ilə bağlı: “Təklif edirəm ki, Hesablama Palatası bu sahələrlə bağlı daha ciddi yoxlamalar aparsın və daha sərt tədbirlər həyata keçirsin. Çünki indiyədək görülən tədbirlər yetərli deyil”. V.Əhmədov dövlət büdcəsinə qaytarılan vəsaitin ilbəil artıdığını da vurğualdı: “2015-ci ildə cəmi 10 milyon manat vəsait daxil olmuşdusa, ötən il 23 milyon manat vəsait daxil olub”. Bununla yanaşı, deputat dedi ki, ən çox nöqsanlar Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Vergilər Nazirliyi ilə bağlıdır: “Bu nazirliklər nöqsanların aradan qaldırılmasına çalışmalıdır”.
V.Əhmədov yekunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədova müraciət etdi. O, 2019-cu ildə dövlət büdcəsindən tikinti sahəsinə ayrılan 7 milyardlıq vəsaitin xərclənməsini nəzarətə götürməyi və 2020-ci ildə parlamentə bu barədə məlumat verməyi xahiş etdi. (Musavat.com/)