Tərtərin Xoruzlu kəndində səyyar qəbul-görüş keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Xoruzlu kəndində olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Vəli Xasıyev, Mayıl Alışov, Arif Nəsirov, Zakir Bayramov və başqaları elektrik təsərrüfatının yenidən qurulması və kabelləşdirilməsi, suvarma suyu üçün əlavə subartezian quyularının qazılması, nasosu yanmış subartezian quyusunun təmir olunması və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.