6 ildə 5 dəfə təmirə bağlanan Bibiheybət yolu: Çökür, yamanır, yenidən çökür…
Bibiheybət yolu yenidən təmirə bağlanıb. Təmirə səbəb martın 1-də Lökbatan dairəsini “Azneft” dairəsi ilə bağlayan magistral yolun Bibeheybət məscidi ərazisindəki hissəsinin çökməsidir. Təmirin nə zaman bitəcəyi haqqında dəqiq məlumat verilmir.
Cebhe.info xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəsmi məlumatında bu barədə deyilir: “Təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir. Bu ərazidə yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər bu maneənin aradan qaldırılmasına yönəlib”.
Maraqlıdır ki, sözügedən yol 2013-cü ildən bəri demək olar hər il təmir olunur.
Belə ki, Bakı-Ələt yolunun bir hissəsi olan magistralın tikintisi 2013-cü ildə başa çatıb. Bibiheybət yolu həmin magistiralın üzərində yerləşdiyi üçün təbii ki, həmin ərazi də təmir edilib. Ancaq yol keyfiyyətsiz olduğu üçün, yaxud başqa səbəbdən 2015-ci ildə yenidən təmirə bağlanıb. Bu dəfə də aparılan təmir-tikinti işləri keyfiyyətsiz olduğu üçün Bibiheybət yolunda çökmə baş verib. Yolunun növbəti təmiri 2017-ci ilə təsadüf edib. Həmin zaman verilən rəsmi məlumatda yolun əsaslı təmir olunduğu bildirilib. Nəticədə isə yol heç 1 il davam gətirməyib. Bibiheybət yolu təmirdən təxminən 9 ay sonra yenidən çöküb. 1 ili tamam olmayan yol 2018-ci ildə yenidən təmirə bağlanıb.
2018-ci ildə isə təmir işlərini aparan “Azəravtoyol” magistralın çökən hissələrini “yamayaraq” istifadəyə açıb. Bu təmirdən sonra da yolun istifadə müddəti uzun çəkməyib. Son olaraq 2019-cu ilin 1 mart tarixində Bibiheybət yolu çöküb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agetliyi (AAYDA) rəsmi olaraq mart ayının 7-də Bibiheybət yolunun təmirə bağlandığını elan edib.
“Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur”,-deyə AAYDA-nın rəsmi məlumatında vurğulanıb.
Göründüyü kimi, yol 2013-cü ildən bu günə qədər 5 dəfə təmirə bağlanıb. Nəticə isə göz qabağındadır. Budəfəki təmirdən sonra Bibiheybət yolunun nə qədər davam gətirəcəyi də məlum deyil.
Beləliklə, əvvəlki təcrübələrdən çıxış etsək, yol daha bir “keyfiyyətsiz təmir”in astanasındadır.