ASCO 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı gəmi turu təşkil edib FOTOLAR




“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə müxtəlif media qurumlarını təmsil edən 50-dək jurnalistin və Azərbaycan Dövlət Dəniz Akademiyasının xanım tələbələrinin iştirakı ilə “Zəfər” gəmisi ilə Bakı buxtasında tur təşkil edib.

İştirakçılar əvvəlcə müasir gəmi ilə tanış olublar. Bildirilib ki, “Zəfər” Bakı Gəmiqayırma Zavodunda tikilib. Azərbaycan neftçilərinin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulan sərnişin gəmisinin inşasına dair müqavilə 2014-cü ilin mayında imzalanıb, tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb. “Zəfər” 22 aprel 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Gəmi 80 sərnişin tutumuna malikdir. Həmçinin, göyərtəsində 10 tonadək müxtəlif yük də götürə bilir. Uzunluğu 38, eni 8, suya oturumu 2,25 metrdir.

Xanımlara gələcək planlar barədə məlumat verilərkən qeyd olunub ki, hazırda ASCO üçün Bakı Gəmiqayırma Zavodunda gəmiqayırmanın son nailiyyətləri əsasında dörd gəmi tikilir, daha ikisinin inşası üçün isə müqavilə imzalanıb.

Məhz dövlətimizin başçısı İlham Əliyevin gəmiçilik sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Ümumiyyətlə, ASCO-nun donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Gəmilərin istismarı təkcə Xəzərdə öncül mövqeyimizin qorunub saxlanılmasına deyil, xarici sularda fəaliyyətin genişləndirilməsinə, o cümlədən ölkədə gəmiqayırma sənayesinin inkişafına səbəb olacaq. Bundan başqa, həmin gəmilər bir bazardan asılılığın aradan qaldırılmasına, donanmaların rəqabətqabiliyyətinin artırılmasına, Azərbaycan üzərindən tranzit yüklərin daşınmasına, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına da böyük töhfə verəcək.

Sonra ölkədə dənizçilik peşəsinə ildən-ilə artan maraqdan danışılıb. Bildirilib ki, son vaxtlar dənizçilik peşəsini seçənlər arasında xanımlara da rast gəlinir. Elə gəmini də xanım gəmi sürücüsü – Rita Rzaquluyeva idarə edib. O, öz işinin öhdəsindən həmişəki kimi məharətlə gəlib.

Dəniz gəzintisi iştirakçıların yaddaşında xoş izlər buraxıb. Tur zamanı iştirakçılar arasında maraqlı viktorinalar keçirilib, qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu