Sosial sahədə UNİCEF-lə əməkdaşlıq genişləndiriləcək
Ölkəmizdə müvafiq kateqoriyalardan olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsi üzrə BMT-nin Uşaq Fondu (UNICEF) ilə uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Birgə işlərin əhatə dairəsinin yeni islahat istiqamətləri, fəaliyyət sahələri, habelə övladlığagötürmə ilə bağlı təlimlər prosesi üzrə genişləndirilməsi məqsədəuyğun olar.
AFN xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə keçirilən görüşdə bildirib.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, ölkədə sosial xidmətlər sisteminin də təkmilləşdirildiyini deyib. S.Babayev bu istiqamətdə mühüm islahat tədbirlərinin reallaşdırılmasında, Sosial Xidmətlər Strategiyası layihəsinin hazırlanmasında UNICEF-lə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsindəki yeni “sosial iş modeli”nə uyğun qurulması məqsədilə institusional əsasların yaradılmasında birgə işlərin əhəmiyyətini diqqətə çatdırıb.
S.Babayev deyib ki, hazırda ölkəmizdə övladlığagötürmə ilə bağlı idarəçiliyin təkmil və müasir modeli qurulur. Övladlığagötürmə ilə bağlı cəlb olunacaq işçilər və uşağı övladlığa götürmək arzusunda olan şəxslər üçün təlim materialların hazırlanması və təlimlərin keçirilməsində nazirlik UNİCEF-lə əməkdaşlığa mühüm önəm verir.
E.Karvardin nazirliklə əməkdaşlığı yeni fəaliyyət sahələri üzrə genişləndirmək əzmində olduqlarını deyib. O, Sosial Xidmətlər Strategiyası layihəsinin sosial xidmət sisteminin inkişafı üçün vacib prioritetləri əhatə etdiyini bildirib.
Görüşdə qeyd olunan Strategiyanın yekunlaşdırılması və təsdiqi, inteqrasiya olunmuş sosial xidmətlər modelinin təşviqi, əlilliyi olan şəxslər üçün “sosial model” və “hüquqlara əsaslanan yanaşma” konteksində islahatların dəstəklənməsi, pilot layihə çərçivəsində yaradılacaq “elektron keys menecment” platformasının DOST (Dayanıqlı və Operativ Sosial Təminat) sisteminə ötürülməsi və s. məsələlər müzakirə olunub. Övladlığagötürmə sahəsi ilə bağlı təlimlər prosesində birgə işin təşkili imkanları da nəzərdən keçirilib.