Dövlət Miqrasiya Xidməti “Miqrasiya könüllüsü” layihəsinə start verib




Bakı Biznes Mərkəzində “Miqrasiya könüllüsü” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AFN xəbər verir ki, 200-ə yaxın gəncin iştirak etdiyi tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiya könüllülərini səmimi salamlayaraq ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, onların inkişafı üçün yaradılan şəraitdən bəhs edib. Ölkə Prezidentinin daim diqqətində olan bu sahədə görülən tədbirlərin başlıca amalı milli-mənəvi dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması və bu gəncliyin potensialından dövlətin inkişafı naminə düzgün istifadə edilməsidir.

Qeyd edib ki, layihənin əsas məqsədi gənclərə yeni biliklər və təcrübə əldə etmək, şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək, Xidmətin fəaliyyətinə cəlb etməklə, onları bu sahə ilə daha yaxından tanış etmək imkanı yaratmaqdır. “Miqrasiya Könüllüsü- Sən fərqlisən!” şüarı ilə fəaliyyətə başlayan layihənin ən üstün cəhəti gələcəkdə həmin gənclərin təkcə könüllü kimi yox, həm də layihələrdə idarəedici liderləri kimi formalaşmasına dəstək verməkdir.

Xidmət rəisi bildirib ki, gənclər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcək, əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq, miqrasiya proseslərini yaxından izləyəcək və iştirak edəcək, gələcək karyera üçün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaq, beynəlxalq tədbirlərdə iştirak etmək, eləcə də beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olmaq və bu prosesdə iştirak imkanı qazanacaq, yerli və xarici gənclərdən ibarət enerjili komandanın üzvü olacaq və yeni dostlar qazanacaqlar.

Sonra Xidmətinin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib, “Miqrasiya Könüllüsü- Sən fərqlisən!” layihəsinin təqdimatı edilib, Layihənin perspektivləri və qarşıda olan hədəflər barədə məlumat verilib.

Həmçinin layihə çərçivəsində miqrasiya könüllülərinin Facebook səhifəsi də istifadəyə verilib.

Tədbirin sonunda gənclərin çoxsaylı sualları cavablandırılıb və xatirə şəkilləri çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu