Cavanşir Feyziyev Qalada baş verən qəza haqda danışdı




Milli Məclisin deputatı Cavanşir Feyziyev sürücüsünün qəza törətdiyi barədə məlumata münasibət bildirib.

AFN xəbər verir ki, məsələ ilə bağlı modern.az saytına danışan deputat bildirib ki, fevralın 12-dən Avropada rəsmi səfərdədir. O qeyd edib ki, hazırda Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı Belçikada və Böyük Britaniyada keçirilən tədbirlərdə iştirak edir: "Baş verən qəza barədə bu gün mətbuatdan məlumat almışam. Təəssüf edirəm ki, ölkəmizdə də avtomobil qəzaları demək olar ki, hər gün baş verir. Mən avtomobil qəzalarında həlak olan bütün vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verərərək, onlara Allahdan səbr diləyirəm.

Kimliyindən asılı olmayaraq, hər bir şəxs baş vermiş hadisə ilə bağlı günahın dərəcəsinə və nəticələrinə müvafiq şəkildə qanun qarşısında cavabdehdir. Yəqin ki, bu qəzanın da istintaqı aparılır və əminəm ki, hadisədə təqsiri olanlar qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar".

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu "Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır. "Qadını vuran "Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub" - deyə yayılmış məlumatlarda bildirilir. Lakin AFN-in araşdırması zamanı məlum olub ki, avtomobil Feyziyev Cavanşir Əyyub oğlunun adınadır və qeydiyyat zamanı sistemə 0554441133 saylı telefon nömrəsi daxil edilib. Həmin nömrəyə etdiyimiz zəngə cavab verən şəxs mövzu ilə bağlı suallarımızı dinləsə də, bildirdi ki, telefon başqasınındır və hazırda sahibi yanında deyil: "Özü gəlsin deyərəm sizinlə əlaqə saxlasın".

Qeyd edilənlərlə bağlı C.Feyziyevin mövqeyini öyrənmək üçün cəhd etsək də, təəssüf ki, deputat gün ərzində etdiyimiz zənglərə cavab verməmişdi. AFN olaraq bir məqamı xüsusi qeyd etməyi zəruri hesab edirik. Belə ki, Cavanşir Feyziyevlə bağlı artıq neçənci dəfədir ki, redaksiyamıza sonradan təsdiqini tapan məlumatlar daxil olur. Lakin həmin vaxtlar apardığımız jurnalist araşdırmaları zamanı deputatla əlaqə yaratmaq, qarşı tərəf olaraq mövqe almaq cəhdlərimiz boşa çıxır. C.Feyziyev edilən zənglərə cavab verməməklə yanaşı, ona media ilə əlaqələrdə yardımçı olan şəxslər vasitəsilə müraciətlərimizə də əhəmiyyət vermir. Material saytımızda dərc edildikdən sonra isə digər KİV-lərdə təkzib (yuxarıdakı halda dolayısı ilə təsdiq-red.) xarakterli açıqlamalarla çıxış edir. Onu da xatırlatmaq yerinə düşər ki, C.Feyzyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Bu isə onun mediaya daha diqqətli olması, jurnalistlər arasında ayrı-seçkilik qoyması heç bir məntiqə sığmır. Biz AFN olaraq hazırda da deputatın fikirlərini dərc etməyə, bizi maraqlandıran sualları ona ünvanlamağa hazırıq. Ümid edirik ki, C.Feyziyev istər deputat mandatına, istərsə Mətbuat Şurası İH-də tutduğu mövqeyə, istərsə də mediaya hörmət və diqqətlə yanaşaraq jurnalist sorğularından yayınmağa son qoyacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu