ƏƏSMN Yardımlı sakininin xəstə inəyini dəyişib- MÖVQE+VİDEO
Yardımlı rayonu Ostayır kənd sakini Eynullayev Əliş Minaxan oğluna "Özünüməşğulluq" proqramı çərçivəsində verilən inəklərdən birinin xəstə olması ilə bağlı məlumata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazıl Talıbov AFN-in sorğusuna cavab olaraq bildirib ki, Yardımlı rayonu Ostayır kənd sakini Eynullayev Əliş Minaxan oğluna özünüməşğulluq proqramı çərçivəsində mal-qara verilərkən heyvanlarda heç bir xəstəlik olmayıb və o bunu razılıqla mal-qaranı qəbul edərək video çəkilişdə də öz məmnunluğunu ifadə edib: "Lakin aradan 2 ayadək vaxt ötdükdən sonra o, nazirliyə müraciət edərək ona verilmiş heyvanlardan birinin xəstələndiyini bildirib və həmin heyvanın imkan daxilində dəyişilməsini xahiş edib. Onun bu xahişi nəzərə alınaraq müvafiq akt tərtib olunub və ona ötən həftə yeni heyvan təqdim olunub. Ə.Eynullayev də bundan öz razılığını həm yazılı həm də video çəkilişlə bildirib. Ümumiyyətlə proqram iştirakçılarının bütün hallarda verilmiş mal-materillardan məmnun qalması prinsip olaraq diqqətdə saxlanılır".
Qeyd edək ki, F.Talıbov Ə.Eynullayevin heyvanlar verildikdə və xəstə inək dəyişdirildikdən sonra razılığını ifadə edən videogörüntülərini və əlyazmasını da redaksiyamıza təqdim edib. Belə olduqda ortaya təbii bir sual çıxır: ƏƏSMN-in nə marağı vardı ki, vətəndaşın səhlənkarlığı üzündən xəstə düşən heyvanı dəyişirdi? Bu, müvafiq qaydalarda əksini tapıbmı, yoxsa adıçəkilən vətəndaşa xüsusi güzəşt edilib? F.Talıblı bunun bir hüquqi öhdəlik olmadığını, vətəndaşa güzəşt edildiyini bildirdi.
AFN-də sözügedən məsələ ilə bağlı vətəndaş şikayətini əks etdirən yazı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR