Quba və Şəkidə elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə hazırlıq işləri davam edir
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, təlimçilər qrupu formalaşdırılır, texniki hazırlıq işləri başa çatıb”
“Hazırda Quba rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin siyahıları dəqiqləşdirilir. Eyni zamanda fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə məlumatların daxil edilməsində məsləhət-informasiya xidməti göstərəcək təlimçilər qrupu formalaşdırılır”. Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə hazırlıq işləri barədə sualı cavablandırarkən deyib.
Nazirlik rəsmisi bildirib ki, pilot layihə olaraq seçilmiş rayonlarda fermerlərin əkin sahələri, əkilmiş və ya əkiləcək məhsul, məhsuldarlıqla bağlı proqnozlara dair məlumatların EKTİS-ə daxil edilməsi üçün texniki hazırlıq işləri başa çatıb: “Fermerlərə öz məlumatlarını sistemə daxil etməkdə Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, nazirliyin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin nümayəndələri kömək edəcəklər. İlkin olaraq Quba rayonunda fermerlərə bu xidmətlərin göstərilməsi üçün səyyar məntəqələr formalaşdırılacaq. Paralel olaraq Səyyar ASAN Xidmət avtobusları kəndlərə gedərək fermerlərin məlumat bazasının formalaşdırılması işinə yardım edəcəklər. Təlimçilər artıq müvafiq texniki avadanlıqlarla təchiz olunublar. Əsas məqsədimiz fermerləri yeni istifadəyə verilmiş sistem barədə maarifləndirməkdir. Bu proses uğurla başa çatdıqdan sonra fermerlərimiz artıq EKTİS-də müstəqil şəkildə özlərinə şəxsi kabinet yarada, məlumatları sistemə daxil edə biləcəklər”.
Vüqar Hüseynov qeyd edib ki, analoji işlər paralel olaraq Şəkidə də aparılacaq: “Hələlik pilot olaraq iki rayon seçilib. İşləri ən qısa müddətdə başa çatdırmaq, bu iki rayonda topladığımız təcrübəni Azərbaycanın bütün bölgələrində tətbiq etmək niyyətindəyik. Yeni sistem fermerlərə elektron xidmətlərin göstərilməsini son dərəcə asanlaşdırır. Gələcəkdə subsidiyaların verilməsi də EKTİS üzərindən gerçəkləşdiriləcək, bu mənada fermerlərin məlumatlarının bazaya sürətli daxil edilməsində, xidmətlərin elektron sistemə sürətli inteqrasiyasında həm nazirlik, həm də fermerlər maraqlıdır”.