Baş onkoloq televizyalardan narazılıq etdi
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov modern.az-a müsahibəsində Azərbaycanda tibbi maarifləndirmə ilə bağlı maraqlı fikirlər səsləndirib. Deyib ki, səhhətimizə qarşı laqeydliyi aradan götürmək vacibdir. Burada əsas məsələ tibbi təbliğatdır. O qeyd edib ki, tibbi maarifləndirmə məsələsində tək Səhiyyə Nazirliyinin, klinikaların, qanunvericiliyin üzərinə yük düşməməlidir. Ayrı-ayrı həkimlər də mütəmadi olaraq, mətbuatla işləməli, xəstələri maarifləndirməyə maraqlı olmalıdırlar.
Komitə sədri onkoloji xəstəliklər bağlı açıqlamalarında söyləyib ki, bədxassəli şiş əleyhinə mübarizə üzrə dünyanın bir çox ölkələrində dövlət proqramı var. Bizdə də bu proqram hazırlanır.
Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli sayta açıqlamasında Əhliman Əmiraslanovun fikirlərini təsdiqləyib. O vurğulayıb ki, xərçəng əleyhinə dövlət proqramının qəbul olunması vacibdir:
"Xərçəng, eləcə digər xəstəliklər, tibbi problemlər haqqında maarifləndirmədə boşluqlar var. Elekron və çap mediasının bu məsələlərə yer verməsi kifayət etmir. Nəzərə almalıyıq ki, bu gün ən böyük təbliğat maşını televiziyadır. Televiziyalarımızda isə ancaq şou verilişləri, yemək proqramları yayımlanır. Tibbi məlumatların artırılması, əhalinin maarifləndirilməsi üçün sanballı verilişlər, sujetlər, videoroliklər yoxdur. Düşünürəm ki, bu məsələdə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycanda çox savadlı alimlər, professorlar, həkimlər, fiziklər və s. mütəxəssislər var. Onları efirlərə dəvət edərək, çox maraqlı verilişlər hazırlamaq, insanları maarifləndirmək lazımdır. Əgər savadlı həkim tapmaqda çətinlik çəkirlərsə, hörmətli Əhliman Əmiraslanovun da dediyi kimi, aidiyyəti qurumlarla, elə Onkologiya Mərkəzinin özü ilə əlaqə saxlayıb, məsləhət istəyə bilərlər. Təki onlar bizə müraciət etsin, əlimizdən gələn qədər köməklik göstərərik”.
Mərkəzin tibbi maarifləndirmə ilə bağlı fəaliyyətinə də toxunan baş onkoloq bildirib ki, Bakıda və digər şəhərlərdə müxtəlif maarifləndirici aksiyalar həyata keçirilir:
"İnsanların çox olduğu yerlərdə bukletlər paylanır, onlarla onkoloji problemlər haqqında söhbətlər aparılır. Biz Səyyar Diaqnostik Kompleks maşınlarının köməyi ilə 14-16 nəfər həkim briqadası ilə rayonlara gedirik, insanlar arasında profilaktik tədbirlər aparırıq. Onları məlumatlandırırıq. Hətta rayonlararası elmi konfranslarımız da keçirilir. Ətraf rayonlarda olan həkimləri dəvət edirik, onkologiyanın müayinəsində, müalicəsində yeniliklər, dəyişikliklər haqqında söhbətlər aparırıq. Əlimizdən gələni edirik ki, insanlar onkoloji xəstəliklərdən qorunmaq üçün vaxtında həkimə müraciət etsinlər, ümumiyyətlə bütün xəstəliklərlə bağlı müayinələrdən keçməkdən çəkinməsinlər. Amma bu cür problemlərlə ümumilikdə kütlə mübarizə aparmalıdır. Bu tək Səhiyyə Komitəsinin, Milli Onkologiya Mərkəzinin, digər qurumların gücündə deyil”.