Ən çox nöqsanlara yol verən dövlət qurumlarının siyahısı açıqlandı
Bəzi dövlət qurumlarında vətəndaşların qəbulu daha səmərəli təşkil olunsa da, bəzi qurumlarda bu tələblərə tam əməl olunmur. Həmin qurumlarda vətəndaş qəbulunun təşkilində müəyyən nöqsanlara yol verilir.
AFN xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.
S.İsmayılov qeyd edib ki, bu sıraya Xarici İşlər, Energetika nazirlikləri, "Bakı Metropoliteni” QSC, Milli Arxiv, "İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar daxildir.
Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, ötən il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub.
Şöbə müdiri bildirib ki, bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol verən, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşan, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməyən vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb: "Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib”.
Süleyman İsmayılov qeyd edib ki, 2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət edib.
Bunlardan "Hermes-S”, "Murad M.S.”, "İnteks”, "Grand Plaza”, "Elite City”, "N Turan”, "Pearl Construction”, "TFM Smart Project”, "Fədək”, "Sizin mənzil”, "NV Construction”, "Dönüş-1”, "MVVL Verus Praedium”, "Azadlıq Residence”, "Pilot-1", "FVS İnşaat”, "Rahatlığın məkanı”, "Poleks”, "Park Bayil”, "İnşaat Konstruksiyaları", "Draft Construction”, "Qlobal-SF”, "Malibo”, "Avrasiya Construction”, "İnkişaf-S”, "SKY Residence”, "Xəmsə-İnşaat”, "Buta Qroup”, "Cavid 2016”, "Rahat Həyat”, "Qismət-M Construction”, "Archico” MMC-lər, "Sabah Residence”, "Best Construction”, "Regal Residence”, "Orbita”, "Merkuri”, "Pilot İnşaat A”, "Yeni ev-19”, "Məkan”, "EDİF”, "Mahal”, "Teymuroğlu”, "Olympus Park”, "Bəhrə”, "İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub.
Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park”, "AAAF” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.
"İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq”, - S.İsmayılov vurğulayıb.