Uitkoff Qətərin baş naziri ilə İranın nüvə proqramını müzakirə edəcək
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner bu gün Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşəcəklər.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Görüşdə İranın nüvə proqramına dair mümkün sazişin detalları müzakirə olunacaq. ABŞ nümayəndə heyəti Dohada Qətərin digər rəhbər şəxsləri ilə də bir sıra görüşlər planlaşdırır. Sabah isə (çərşənbə günü) ABŞ və İran nümayəndə heyətləri vasitəçi ölkələr — Qətər və Pakistanla ayrı-ayrılıqda danışıqlar aparacaqlar.
Qeyd edək ki, İran XİN rəsmisi İsmayıl Baqai Tehrandan gedən nümayəndə heyətinin Dohada ABŞ rəsmiləri ilə hər hansı birbaşa görüşünün nəzərdə tutulmadığını bəyan edib.

