Almaniyada dəmir yolu şəbəkəsində çöküş: Səfərlər tamamilə dayandı



Almaniya daxilində milli dəmir yolu şəbəkəsində baş verən rabitə sistemi nasazlığı səbəbindən çərşənbə axşamı gecəsi bütün qatar səfərləri dayandırılıb, minlərlə sərnişin vağzallarda köməksiz qalıb.

AFN.az xəbər verir ki, Almaniyanın milli dəmir yolu şirkəti "Deutsche Bahn" maşinistlər ilə hərəkəti idarəetmə mərkəzləri arasında rabitəni təmin edən "GSM-R" rəqəmsal radiolaqə şəbəkəsində yaranan texniki problem ucbatından ölkə miqyasındakı bütün qatarların stansiyalarda gözlədiləcəyini elan edib.

Sistem nasazlığı şəhərlərarası sürət qatarları ilə yanaşı, regional xətlərə və Berlinin şəhərdaxili şəhərətrafı qatar şəbəkəsinə də mənfi təsir göstərib.

Nasazlıqdan sonra dəmiryolu vağzallarındakı məlumat masalarının qarşısında uzun növbələr yaradan sərnişinlər üçün alternativ marşrutlar axtarılıb.

"Deutsche Bahn" rəsmiləri yolda qalan sərnişinlərə taksi və otel kuponlarının paylanacağını, şəraiti uyğun olan stansiyalardakı qatarların isə gözləmə zalı kimi istifadəyə veriləcəyini bildiriblər.

Şirkətin İT mütəxəssislərinin gərgin işi nəticəsində nasazlıqdan təxminən iki saat yarım sonra rabitə sistemindəki problem aradan qaldırılıb.

"Deutsche Bahn" rəsmiləri etdikləri açıqlamada nasazlığın səbəbi barədə ətraflı məlumat verməsələr də, sistemin ehtiyat qəza mexanizmi ilə sabitləşdirildiyini və səfərlərin səhər saatlarından etibarən mərhələli şəkildə bərpa olunduğunu diqqətə çatdırıblar.

Bununla belə, ölkə daxilindəki xətlərdə gecikmə və ləğv edilmələrin gün ərzində davam edə biləcəyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu