Süni intellekt vəkil ilk məhkəmə işini qazandı
Britaniya məhkəmələrində ilk dəfə olaraq süni intellekt tərəfindən hazırlanan iddia sənədi qələbə ilə nəticələnib.
AFN.az xəbər verir ki, süni intellekt fəaliyyətli hüquq şirkətinin hazırladığı müdafiə sənədi məhkəmədə insan vəkil tərəfindən müdafiə olunaraq işin udulmasını təmin edib.
Böyük Britaniyada frilans insan resursları məsləhətçisi kimi çalışan bir şəxs ala bilmədiyi 7 min funt-sterlinq məbləğindəki borcunu geri almaq üçün məhkəmə prosesinə başlamaq məqsədilə süni intellekt hüquq şirkətinə təxminən 400 funt-sterlinq ödəyib.
Ötən ilin aprel ayında Vəkillərin Tənzimləmə Qurumu (SRA) tərəfindən təsdiqlənən süni intellekt sistemi məhkəmədən əvvəlki bütün hüquqi işləri təkbaşına həyata keçirib.
Qarşı tərəfin peşəkar hüquq şirkəti ilə əməkdaşlıq edərək irəli sürdüyü iddiaları təkzib edən süni intellekt üç saat davam edən məhkəmə iclası üçün dörd şahid ifadəsi və əhatəli sənədlər paketi hazırlayıb.
Uondsvort Rayon Məhkəməsində keçirilən iclasın nəticəsində məhkəmə iddiaçını haqlı hesab edərək borcun ödənilməsi barədə qərar çıxarıb.
Süni intellekt şirkətinin həmtəsisçilərindən biri Filip Yanq bu qərarı ədalətə əlçatanlıq baxımından tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirib.
Bir çox kiçik müəssisənin məhkəmə xərclərinin alacaqları məbləği aşması səbəbindən borclarından imtina etmək məcburiyyətində qaldığını bildirən Yanq süni intellektin xərcləri azaldaraq bu cür zərərlərin qarşısını aldığını vurğulayıb.
Məhkəməni qazanan şəxs isə alacağını geri alma prosesinin normal şərtlərdə çox stressli, baha və vaxt aparan olmasından qorxduğunu, lakin süni intellektin təklif etdiyi münasib qiymətli və effektiv dəstək sayəsində öz hüququnu qoruya bildiyini ifadə edib.
Məhkəmə iclasında müştərini faktiki olaraq təmsil etmək üçün süni intellekt şirkəti tərəfindən işə götürülən vəkil Dominik Li süni intellektin iş qovluğunu son dərəcə aydın və təsirli şəkildə hazırladığını qeyd edib.
Lakin Li məhkəmə zalındakı nitqin, inandırma qabiliyyətinin və prosesin idarə edilməsinin hələ də həyati əhəmiyyət daşıdığını və mahiyyətcə insani bir hərəkət olaraq qaldığını sözlərinə əlavə edib.
Britaniya hüquq sektoru daha əvvəl bəzi süni intellekt sistemlərinin məhkəmələri yanlış yönləndirməsi kimi qalmaqallarla sarsılsa da, bu son qərar süni intellektin düzgün istifadə edildikdə hüquq sistemində necə qalıcı yer tuta biləcəyini nümayiş etdirib.


