4 otaq, 8 qulaqcıq dəyişmişəm: doktorantura imtahanı iştirakçılarından etiraz
İyunun 17-dən etibarən keçirilən doktoranturaya qəbul imtahanları ilə bağlı narazılıqlar artır.
AFN.az-a müraciət edən bir qrup namizəd imtahan prosesi zamanı ciddi texniki və təşkilati problemlərlə üzləşdiklərini bildirir.
Namizədlərin sözlərinə görə, xüsusilə xarici dil üzrə danışıq blokunda çoxsaylı nasazlıqlar yaşanıb. İmtahandan əvvəl artıq imtahan vermiş şəxslərin təəssüratları növbəti gün imtahana qatılacaq namizədlər arasında ciddi narahatlıq və psixoloji gərginlik yaradıb.
AFN.az-ın əldə etdiyi qrup yazışmalarında namizədlər imtahan prosesini "ədalətsiz", "bərbad sistem" və "əlavə stress mənbəyi" kimi xarakterizə edirlər. Onların sözlərinə görə, bəzi hallarda texniki problemlərin aradan qaldırılması üçün iki saata yaxın gözləməli olublar.
Bir namizəd yazır: "4 otaq dəyişmişəm, ümumilikdə 8 qulaqcıq dəyişdiriblər. Bu gün texniki problemlər lap çox idi."
Başqa bir namizəd isə imtahan prosesinin normadan xeyli uzun çəkdiyini bildirir: "Saat 11:00-da daxil olmuşdum, 15:45-də çıxmışdım. Yəqin ki, mikrofonla bağlı problem yaranmışdı."
Digər iştirakçılar da oxşar problemlərlə üzləşdiklərini qeyd edirlər: "İmtahanın stresi bir tərəfdən, texniki problemlər bir tərəfdən. Çox pis sistem qurulub", "Elə bilirdim qulaqcıqlardan digər səslər daxil olmur, amma zaldakı yüksək səs-küy diqqəti ciddi şəkildə yayındırırdı."
Namizədlərin sözlərinə görə, mikrofon, qulaqcıq və digər avadanlıqlarda yaranan nasazlıqlar imtahanın obyektivliyinə birbaşa təsir edib. Onlar bildirirlər ki, doktoranturaya qəbul imtahanları minlərlə insanın elmi və peşəkar gələcəyini müəyyənləşdirən mühüm mərhələdir və bu prosesdə texniki problemlərin yaşanması qəbuledilməzdir.
Müraciət müəllifləri vurğulayırlar ki, əksəriyyəti ali təhsil müəssisələrində çalışan namizədlər bir il ərzində bu imtahana hazırlaşırlar və texniki problemlər səbəbindən bir il də gözləmək perspektivi onların həm karyerasına, həm də elmi fəaliyyətinə mənfi təsir göstərə bilər.
Onlar həmçinin xarici dil üzrə danışıq blokunun mövcud formatının yenidən nəzərdən keçirilməsini təklif edirlər. Namizədlərin fikrincə, təkcə bir şəkli təsvir etmək doktorantura səviyyəsinə uyğun elmi və dil bacarıqlarını tam qiymətləndirməyə imkan vermir.
Müraciət müəllifləri Dövlət İmtahan Mərkəzini baş vermiş texniki problemləri araşdırmağa, qiymətləndirmə mexanizmlərini təkmilləşdirməyə və gələcəkdə oxşar halların qarşısını almaq üçün əlavə tədbirlər görməyə çağırıblar.




