Avropa İttifaqından "Meta"ya "WhatsApp" qərarı: Rəqib süni intellekt botlarına icazə veriləcək



Avropa İttifaqı (Aİ) texnologiya nəhəngi "Meta" şirkətinə rəqib firmalar tərəfindən idarə olunan süni intellekt çat-botlarının "WhatsApp"dan ödənişsiz istifadəsinə icazə verməli olduğu barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Avropa Komissiyası "Meta"nın mesajlaşma platformasında "Meta AI" xaricindəki digər süni intellekt təminatçılarının girişini əngəlləmək qərarı ilə bağlı aparılan antiinhisar araşdırması başa çatana qədər bu çıxış imkanının qorunmalı olduğunu açıqlayıb.

Açıqlamada "Meta"nın bu addımının Aİ rəqabət qaydalarını pozduğu və böyüməkdə olan bu bazarda rəqabətə ciddi və bərpası qeyri-mümkün zərərlərin vurulmasının qarşısını almaq məqsədilə prosesə müdaxilə edildiyi qeyd olunub.

"Meta" isə öz növbəsində qərara reaksiya göstərərək Avropa Komissiyasını tənzimləmə səlahiyyətlərini aşmaqda ittiham edib və qərardan şikayət edəcəyini bəyan edib.

Aİ-nin məlumatına görə, təhqiqat 2025-ci ilin dekabrında "Meta"nın üçüncü tərəf ümumi təyinatlı süni intellekt köməkçilərini "WhatsApp Business API" sistemindən kənarlaşdırmasından sonra başlayıb və bu vəziyyətin "Meta"nın Avropa bazarlarındakı dominant mövqeyindən sui-istifadə etməsi mənasına gəldiyi bildirilib.

Araşdırma müddətində müvəqqəti tədbir olaraq "Meta"ya üçüncü tərəf süni intellekt köməkçilərinin "WhatsApp Business API" sisteminə çıxışını əvvəlki şərtlərlə yenidən təmin etməsi üçün beş iş günü vaxt verilib.

Avropa Komissiyasının təmiz, ədalətli və rəqabətli keçid üzrə böyük vitse-prezidenti Teresa Ribera sürətlə inkişaf edən bazarlarda son qərar verilmədən çox əvvəl rəqabətin aradan qalxa biləcəyini ifadə edib.

Ribera bu müvəqqəti tədbirlərin təhqiqat müddətində qüvvədə qalacağını, qəbul edilən qərarla Avropa miqyasındakı vətəndaşların "WhatsApp"da hansı süni intellekt köməkçisindən istifadə edəcəklərinə dair seçim hüquqlarının qorunduğunu və bu qərarın onların adından verilməsinin qarşısının alındığını vurğulayıb.

Komissiya "Meta"nın bu müvəqqəti qərara əməl etməyəcəyi təqdirdə ümumi dövriyyəsinin 10 faizinə qədər cərimə oluna biləcəyini bəyan edib.

"Meta" isə yaydığı bəyanatda bu qərarın çox dəyərli süni intellekt şirkətlərinin heç bir ödəniş etmədən "WhatsApp"a daxil olmasına zəmin yaratdığını iddia edib.

Şirkət Avropa Komissiyasının "OpenAI" və dünyanın bəzi ən böyük şirkətlərinin ödənişli "WhatsApp Business" məhsulundan pulsuz istifadə edə biləcəyinə qərar verdiyini, bunun da haqq ödəyən bir çox Avropa şirkəti tərəfindən maliyyələşdirilən bir səlahiyyət aşımı olduğunu müdafiə edərək qərara etiraz edəcəyini təkrarlayıb.

Bu hadisə Avropa tənzimləyici qurumları ilə ABŞ-nin böyük texnologiya firmaları arasında gərginləşən münasibətlərin növbəti nümunəsi olub.

"Meta" ötən il Aİ tənzimləmələri səbəbindən avropalı istifadəçilər üçün daha pis bir təcrübə yaşana biləcəyi barədə xəbərdarlıq etmişdi.

Bu qərar Aİ-nin bazar hakimiyyətindən istifadə etmək istəyən texnologiya şirkətlərinə qarşı istehlakçıların maraqlarını qorumaq vizyonunun bir hissəsi kimi qiymətləndirildiyi halda Tramp administrasiyası Aİ və digər yurisdiksiyaların Amerika texnologiya firmalarını haqsız yerə hədəf aldığını irəli sürür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu