Kaya Kallas İran XİN başçısı ilə ABŞ-la yaşanan son gərginliyi müzakirə edib
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas İran ətrafında və Fars körfəzində vəziyyətin kəskinləşməsi fonunda bu ölkənin xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı aparıb.
AFN.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı özünün "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.
Kallas iranlı həmkarı ilə mövcud gərginliyi və Tehran-Vaşinqton danışıqlarının hazırkı vəziyyətini müzakirə etdiyini bildirib. O, həmçinin Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə də təmasda olduğunu qeyd edib.
"Fars körfəzi ölkələrinə və onların kritik infrastrukturuna yenidən hücumların edilməsi qəbuledilməzdir. Tammiqyaslı müharibəyə qayıdış bütün regiona olduqca baha başa gələ bilər. Diplomatik yol bu münaqişədən çıxış üçün hələ də ən yaxşı variant olaraq qalır", - deyə Kallas vurğulayıb.
Öz növbəsində İran XİN başçısı Abbas Araqçi ABŞ-ın son zərbələrinin atəşkəs rejimini effektivsizləşdirdiyini bildirərək, yaranmış təhlükəli nəticələrə görə birbaşa Vaşinqtonun məsuliyyət daşıdığını qeyd edib.
