Şairdən deputat Rövşən Muradov barədə satirik PAYLAŞIM: İmkanım yaxşı olsaydı...
Şair, bədii qiraətçi Roma Xosrov öz sosial şəbəkə hesabında Laçının deputatı Rövşən Muradovla bağlı maraqlı paylaşım edib. Onun yüngül satirik üslubda yazdığı status əslində millət vəkilinin seçiciyə, seçicinin probleminə yanaşmasını ortaya qoyur.
AFN.az həmin statusu təqdim edir:
Aylar öncə Laçının millət vəkili, çox hörmətli ziyalımız Rövşən Muradovla görüşdüm. Beş problemdən heç olmasa birinin həlli ümidi ilə qəbula yazılmışdım. Təəssüf ki, görüşdən problemlərlə birlikdə geri qayıtdım. Amma bunu da deyim ki, çox savadlı və səmimi insandır. Gələcəyimi daha düzgün qurmaq üçün lazım olacaq bir xeyli siyasi incəlikləri mənə izah etdi. İmkanım yaxşı olsaydı, bu kişini dəniz kənarındakı “Mirvari” restoranında elitar içki məclisinə dəvət edərdim. Çünki söhbətcil, həm də əhatəli dünyagörüşü olan adamdır, saatlarla oturub dünyanın hər mövzusundan danışmaq olar. Amma bir şərtlə ki, o danışa, mən susam, problemlərdən danışmayam. Çünki problem söhbəti açılsa sanki məclisə qəfil elektrik borcunun qəbzi gələcək. Bəzən düşünürəm ki, bizim problemlərimiz ayrı planetdə, bəzi deputatların baxdığı dünya isə tamam başqa orbitdə fırlanır. Dünya nə qədər əyri olsa da, onlar üçün həmişə dümdüz görünür. Yeri gəlmişkən, keçmiş deputatımız Mahir Abbaszadənin ölənlərinə Allah rəhmət eləsin!"



