Litva Hörmüz boğazına hərbçilər göndərəcək
Litva Seymi (parlamenti) ölkənin hərbçilərinin və Müdafiə Nazirliyinin mülki mütəxəssislərinin Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə beynəlxalq koalisiyaya göndərilməsi barədə qərar qəbul edib. Plenar iclasda qərarın lehinə 77 deputat səs verib, 11 siyasətçi əleyhinə çıxıb, 6 nəfər isə bitərəf qalıb.
AFN.az xəbər verir ki, Litva Dövlət Müdafiə Şurası prezident Gitanas Nausedanın sədrliyi ilə hələ mayın 11-də missiyaya 40 hərbçi və mülki mütəxəssisin göndərilməsi barədə qərar çıxarıb. Bununla belə, dövlət başçısı bəyan edib ki, Vilnüs öz kontingentini yalnız ABŞ və İran arasında tam sülh bərqərar olduqdan sonra bölgəyə göndərəcək. Hərbçilərin xaricə göndərilməsi məsələsi birbaşa Seymin səlahiyyətinə daxildir. Ordu komandanı general Raymundas Vaykşnoras Litvanın bölgəyə əsasən qərargah zabitləri və minalardan təmizləmə mütəxəssisləri ezam etməyi planlaşdırdığını bildirib.
