Elm adamlarından yay vaxtı xəbərdarlığı: Ruhi sağlamlıq riskləri zənn ediləndən daha böyükdür



Yeni bir araşdırma yay vaxtı rejiminə keçidin, xüsusilə ruhi xəstəlikləri olan şəxslərdə yuxu rejimini pozaraq ciddi sağlamlıq risklərinə yol aça biləcəyini ortaya qoyub.

AFN.az xəbər verir ki, yay vaxtı tətbiqinin ruhi sağlamlığa təsirlərini araşdıran yeni tədqiqat saatların ildə iki dəfə dəyişdirilməsinin, xüsusilə xroniki ruhi xəstəliklərdən əziyyət çəkən insanlar üçün mühüm risklər yarada biləcəyini qeyd edir.

Dünya miqyasında 70-dən çox ölkədə tətbiq olunan yay vaxtı sistemi yazda saatların bir saat irəli, payızda isə bir saat geri çəkilməsini nəzərdə tutur.

Gün işığından daha çox yararlanmağı hədəfləyən bu sistemin bədənin təbii bioloji saatı olan sirkadian ritmini poza biləcəyi uzun müddətdir müzakirə edilirdi.

Yeni araşdırmada psixiatriya, neyroelm və ictimai səhiyyə sahələrində dərc olunmuş 60 elmi işin nəticələri bir araya gətirilib.

Araşdırma nəticəsində saat dəyişikliklərinin əhalidə sirkadian stress yaratdığı və bəzi qrupların bu vəziyyətdən daha çox təsirləndiyi müəyyən edilib.

Araşdırmaçılar depressiya, bipolyar pozuntu, təşviş pozuntusu (həyəcan), travma sonrası stress pozuntusu (TSSP), diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DCHP) ilə psixotik pozuntuları olan şəxslərin saat dəyişikliyindən sonrakı günlərdə və həftələrdə daha yüksək risk altında olduqlarını ifadə ediblər.

Araşdırmanın müəlliflərindən biri olan Elizabet İnqlend-Kennedi yay vaxtı tətbiqinin yuxu və ruhi sağlamlıq problemləri yaşayan insanlarda sirkadian ritmini pozduğuna dair güclü sübutların olduğunu bildirib.

Tədqiqatın digər müəllifi Kavita Batra isə mövzu ilə bağlı bu fikirləri bölüşüb:

"Saatları cəmi bir gecədə dəyişdiririk, lakin beyin bu qədər sürətlə uyğunlaşa bilmir. Bu vəziyyət yuxuya, emosional tənzimləməyə, koqnitiv (idrak) funksiyalara və psixiatrik balansa mənfi təsir göstərə bilər".

Araşdırmaçılar yay vaxtı rejiminə keçidlərin yuxu pozuntuları, diqqət və yaddaş problemləri, depressiv simptomların artması və bəzi insanlarda manik atak riskinin yüksəlməsi ilə əlaqəli olduğunu qeyd ediblər.

Ekspertlər səhiyyə işçilərinə saat dəyişikliklərindən əvvəl pasiyentləri məlumatlandırmaq və yuxu rejimini tədricən tənzimləmək barədə onlara rəhbərlik etmək çağırışı ediblər.

Səhər saatlarında parlaq işığa məruz qalmağın da bioloji saatın yenidən tənzimlənməsinə kömək edə biləcəyi ifadə olunub.

Araşdırmaçıların fikrincə, daimi standart vaxt (qış vaxtı) tətbiqi təbii səhər işığı ilə daha uyğun olduğu üçün ictimai səhiyyə baxımından daimi yay vaxtı rejiminə nisbətən daha əlverişlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu