Avropada narkotikdən ölüm sayı 7600-ü keçib



Avropada həddindən artıq dozada narkotik istifadəsi səbəbindən həyatını itirənlərin sayı 2024-cü ildə 7600-ü keçərkən, yüksək təsir gücünə malik yeni sintetik opioidlərin genişlənməsinin ictimai sağlamlıq baxımından ciddi risk yaratdığı bildirilib.

AFN.az xəbər verir ki, Avropa İttifaqı Narkotik Agentliyinin (EUDA) Aİ üzvü olan 27 ölkə ilə yanaşı, Türkiyə və Norveçdən əldə edilən məlumatlara əsaslanan "2026 Avropa Narkotik Hesabatı" Brüsseldə keçirilən mətbuat konfransında ictimaiyyətə açıqlanıb.

Hesabatda narkotikə görə ölümlərin böyük hissəsinin birdən çox maddənin birlikdə istifadəsindən qaynaqlandığı qeyd olunub və son illərdə bazara çıxarılan yeni sintetik opioidlərin mütəxəssisləri ən çox narahat edən maddələr arasında yer aldığı diqqətə çatdırılıb.

2009-cu ildən bəri Avropada 95 yeni sintetik opioidin aşkarlandığı bildirilən hesabatda yalnız 2025-ci ildə 7 yeni sintetik opioidin ilk dəfə qeydə alındığı ifadə edilib.

Avropada narkotik bazarlarının daha mürəkkəb və gözlənilməz hala gəldiyinə işarə edilən sənəddə Avropada həddindən artıq doza səbəbindən dünyasını dəyişənlərin sayının 2024-cü ildə 7600-ü keçdiyi, yüksək təsir gücünə malik yeni sintetik opioidlərin yayılmasının ictimai sağlamlıq üçün ciddi təhlükə törətdiyi vurğulanıb.

Çətənənin Avropada hələ də ən geniş yayılan narkotik maddə olduğu qeyd edilən hesabatda son 1 il ərzində təxminən 24,9 milyon yetkin insanın çətənə istifadə etdiyinin ehtimal olunduğu bildirilib.

Kokain istifadəsinin də yüksək səviyyədə qalmağa davam etdiyi hesabatda qeyd olunub və son 1 ildə təxminən 4,3 milyon insanın kokain istifadə etdiyinin təxmin edildiyi, kokain səbəbindən müalicə üçün ilk dəfə müraciət edənlərin sayının isə 2024-cü ildə təxminən 37 minə çatdığı bildirilib.

Hesabatda həmçinin narkotik qaçaqmalçılığı edən cinayətkar qrupların hüquq-mühafizə orqanlarının əməliyyatlarına qarşı yeni üsullar hazırladığı, daha kiçik limanlar, açıq dəniz transferləri, pilotsuz uçuş aparatları və təkmilləşdirilmiş gizlətmə üsullarından daha geniş istifadə etməyə başladıqları qeyd olunub.

Sənəddə Avropada sintetik narkotik istehsalının təhlükəsizlik və ictimai sağlamlıq baxımından ciddi təhdid yaratmağa davam etdiyi bildirilib.

Beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayan Avropa İttifaqı Komissiyasının daxili işlər üzrə komissarı Maqnus Brunner mətbuat konfransında etdiyi çıxışda Avropa Narkotik Hesabatının narkotik istifadəsinin insan üzərindəki ağır bədəlini gözlər önünə sərdiyini qeyd edib.

Təhlükəli yeni məhsulların bazara çıxarılmasının qarşısını almaq və qeyri-qanuni qaçaqmalçıların fəaliyyətinə son qoymaq üçün bütün imkanlardan istifadə edilməli olduğunu vurğulayan Brunner beynəlxalq əməkdaşlığı gücləndirərək bu cinayət iqtisadiyyatına qarşı qlobal bir mübarizə cəbhəsi yaratdıqlarını dilə gətirib.

EUDA-nın icraçı direktoru doktor Lorreyn Nolan isə narkotik bazarlarının sürətlə dəyişdiyini, Avropa küçələrində tapılan maddələrin müxtəlifliyinin getdikcə daha da gözlənilməz hala gəldiyini və bu vəziyyətin riskləri artırdığını ifadə edib.

Nolan insanların çox vaxt fərqində olmadan yüksək təsir gücünə malik maddələrdən istifadə edə bildiyini və etibarlı məlumatların əhəmiyyətinin bu gün hər zamankından daha çox olduğunu sözlərinə əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu