Müharibə Aİ-nin enerji xərclərini 47 milyard avro artırıb
Avropa İttifaqı (Aİ) Komissiyasının rəsmisi Eva Hrniçirova ABŞ-İsrail və İran müharibəsi səbəbindən Aİ ölkələrinin son 100 gündə enerji məhsullarının idxalına əlavə olaraq 47 milyard avro xərclədiyini bildirib.
AFN.az xəbər verir ki, Brüsseldə keçirilən mətbuat konfransında Yaxın Şərqdəki 100 günlük münaqişənin enerji sahəsinə təsirləri barədə danışan Hrniçirova son 100 gündə qalıq yanacaq idxalı xərclərinin 47 milyard avrodan çox artdığını diqqətə çatdırıb.
O vurğulayıb ki, alınan enerji resurslarının həcmi eyni qalsa da, bunun üçün daha yüksək qiymət ödənilib.
Yaxın Şərqdə baş verənlərə baxmayaraq, Aİ-nin enerji tədarükündə hər hansı bir kəsintinin yaranmadığını və təhlükəsizliyin təmin olunduğunu ifadə edən Hrniçirova enerji mənbələrini şaxələndirdiklərini, bərpa olunan enerjinin payını yüksəltdiklərini və səmərəliliyi artırdıqlarını qeyd edərək mövcud qiymət şokunu bu prosesin bir nəticəsi kimi qiymətləndirib.
Enerji tədarükünü mütəmadi olaraq izlədiklərini, üzv ölkələr və aidiyyəti qurumlar arasında koordinasiyanı gücləndirdiklərini bildirən rəsmi ehtiyac yaranacağı təqdirdə daha ciddi addımlar atmağa hazır olduqlarını vurğulayıb.
Hörmüz boğazında münaqişənin uzanacağı təqdirdə yaxın həftələrdə və aylarda bəzi çətinliklərlə üzləşə biləcəklərini qeyd edən Hrniçirova vətəndaşlara və şirkətlərə lazımi tədbirlərlə bağlı xəbərdarlıq etdiklərini bəyan edib.
Aİ rəsmisi yaxın vaxtlarda neft və təbii qaz üzrə koordinasiya qruplarının toplanaraq mövcud vəziyyəti və bazarların reaksiyasını qiymətləndirəcəklərini də sözlərinə əlavə edib.
