Avropa "Oreşnik"ə qarşı müdafiəni gücləndirir



Böyük Britaniyanın Baş naziri Ser Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mers bazar günü gecə Dauninq-stritdə keçirilən təcili sammitdən sonra Rusiyanın hipersəsli "Oreşnik" raketlərinə qarşı müdafiə silahlarının istehsalını artırmağın təxirəsalınmaz ehtiyac olduğunu bəyan ediblər.

AFN.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin də qatıldığı sammitdə liderlər Vladimir Putini dərhal və tam atəşkəs qəbul etməyə çağıraraq, tərəflər arasındakı mövcud təmas xəttinin hər hansı bir danışıqlar üçün başlanğıc nöqtəsi olması lazım gəldiyini bildiriblər.

Görüşdən əvvəl açıqlama verən Zelenski müharibənin davam edəcəyi təqdirdə ölkəsinin Rusiya ərazilərinin dərinliklərinə doğru hücumlarını davam etdirə biləcəyini ifadə edərək, Ukraynanın səssizcə ölməyəcəyini vurğulayıb.

Rusiya üzərindəki təzyiqin artması Moskvanın son aylarda qarşılaşdığı bir sıra hərbi uğursuzluqlardan sonraya təsadüf edir, lakin münaqişənin Ukraynada törətdiyi dağıntıların bir göstəricisi olaraq sammitin Çernobıl atom elektrik stansiyası yaxınlığındakı istifadə olunmuş nüvə yanacağı saxlama məntəqəsinə qarşı pilotsuz uçuş aparatı (PUA) hücumundan bir neçə saat sonra keçirilməsi diqqət çəkib.

Toplantının ardınca liderlər Ukraynaya hərbi dəstəyin artırılacağını və Rusiya üzərindəki iqtisadi təzyiqin gücləndiriləcəyini elan ediblər.

Starmer, Zelenski, Makron və Mers tərəfindən verilən birgə bəyanatda Rusiyanın Ukrayna şəhərlərinə təşkil etdiyi və mülki şəxslərin ölümünə səbəb olan "Oreşnik" raket hücumları ilə NATO ərazilərinə qarşı təhlükəli PUA pozuntuları pislənilib.

Bəyanatda hava hücumundan müdafiə raketlərinin istehsalının genişləndirilməsi, antiballistik raket və dərin zərbə imkanlarının birgə inkişaf etdirilməsi, həmçinin Ukrayna silahlı qüvvələrinin gələcək davamlılığının dəstəklənməsinin vacibliyi qeyd olunub.

Üç Avropa lideri Rusiyanın hər hansı bir sülh sazişində yerinə yetirməli olduğu beş şərti belə sıralayıb: Rusiya dərhal və tam atəşkəsi qəbul etməli, mövcud təmas xətti danışıqların başlanğıc nöqtəsi olmalı, Ukraynanın təhlükəsizliyinə dair güclü zəmanətlər verilməli, Rusiya aktivləri Ukraynaya müharibə təzminatı ödənilənədək dondurulmalı və əldə olunacaq hər hansı sazişdə Avropa söz sahibi olmalıdır.

Zelenski sosial media hesabından etdiyi paylaşımda görüşün əsas diqqət mərkəzinin hava hücumundan müdafiə sahəsində bütün Avropanın təhlükəsizliyi naminə daha böyük əməkdaşlıq və diplomatik perspektivlər olduğunu bildirərək, Avropanın danışıqların bir parçası olması və güclü qalması lazım gəldiyini ifadə edib.

Bazar günü reallaşan PUA hücumu Çernobıl stansiyasından təxminən 14 kilometr məsafədə yerləşən istifadə olunmuş nüvə yanacağı saxlama mərkəzinə ziyan vurub. Rəsmilər hücum nəticəsində yaranan yanğının bir saat ərzində söndürüldüyünü və radiasiya səviyyəsinin təhlükəsiz hədlərdə qaldığını açıqlayıblar.

Digər tərəfdən, Ukraynanın şənbə günü Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqu hədəf alan genişmiqyaslı PUA hücumu Kiyevin Rusiya torpaqlarının dərinliklərini vurmaq imkanlarının artdığını göstərib.

Zelenski Britaniya mətbuatına verdiyi müsahibədə sadəcə səssizcə ölməyəcəklərini, cavab verəcəklərini və hər keçən gün daha da güclənəcəklərini qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu