Bot internet trafiki insan internet trafikini geridə qoydu
Bulud əsaslı veb-hostinq və təhlükəsizlik şirkəti "Cloudflare" təqdim etdiyi infrastrukturdan istifadə edən müəyyən veb-saytlara gələn sorğuların 57,4 faizinin artıq avtomatlaşdırılmış bot sorğuları olduğunu, insan qaynaqlı trafikin isə 42,6 faizdə qaldığını açıqlayıb.
AFN.az xəbər verir ki, süni intellekt agentləri və botlardan qaynaqlanan veb-sayt trafiki internet tarixində ilk dəfə insan faktorunu üstələyib.
Gözləniləndən daha erkən reallaşan bu dönüş nöqtəsi süni intellektin sürətli inkişafını və internet üzərindəki təsirini növbəti dəfə nümayiş etdirir.
Ən böyük internet hostinq xidmətlərindən biri olan "Cloudflare" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru (CEO) Metyu Prins cümə axşamı öz "X" hesabı vasitəsilə etdiyi paylaşımda bu vəziyyətin onun təxmin etdiyindən daha sürətli baş verdiyini etiraf edib.
Prins bu qırılma nöqtəsinin 2027-ci ilin sonlarında və ya ən tez həmin ilin əvvəllərində yaşanacağını proqnozlaşdırdığını bildirərək, avtonom agent trafikinin o qədər sürətlə böyüdüyünü, nəticədə botların internet tarixində ilk dəfə onlayn insan trafikini keçdiyini qeyd edib.
İnternet trafikindəki bu kəskin artım insan müdaxiləsinə ehtiyac duymadan yüksək səviyyəli proqramlar və məlumatlarla işləyən avtonom süni intellekt agentlərinin sürətlə yayılması ilə əlaqələndirilir.
"Cloudflare" məlumatlarına görə, veb-sorğuların 57,4 faizi botlar tərəfindən başladıldığı halda, insanların payı 42,6 faizə qədər geriləyib.
Məlumata əsasən, insanlar hər hansı bir satınalma prosesindən əvvəl orta hesabla beş veb-sayta baxdığı halda, süni intellekt sistemləri eyni anda minlərlə saytı analiz edə bilir.
Agent və bot aktivliyinin insan fəaliyyətini tam olaraq hansı tarixdə geridə qoyduğu dəqiq bilinmir.
Metyu Prins internet trafikinə dair bu dəyişimin düşündüyündən daha tez baş verdiyini və nəticələrinin geniş olacağını bildirib.
"NBC News"a verdiyi müsahibədə o, internetdə qeyri-insani trafikin artım sürətinin təəccübləndirici olduğunu vurğulayıb.
Bu dəyişiklik internetin gələcəyinə dair “ölü internet nəzəriyyəsi” müzakirələrini yenidən gündəmə gətirib.
Lakin Prins bu vəziyyətin həmin nəzəriyyəni tam şəkildə təsdiqləmədiyini, əksinə internetin yeni bir mərhələyə keçdiyini qeyd edib.
O, botların artmasının interneti yox etmədiyini, əksinə məzmun istehsalını daha geniş auditoriyaya yaydığını bildirib.
Bot trafikinin artması internetin reklam əsaslı biznes modelinə də təsir göstərir, çünki botlar reklamları klikləmir.
Prins “pay-to-crawl” modelinin, yəni botların məzmun əldə etməsi üçün ödəniş sisteminin mümkün həll ola biləcəyini bildirib.
Onun fikrincə, bu model düzgün tətbiq olunsa, internet həm daha dayanıqlı, həm də daha balanslı ola bilər.
O, belə bir sistemin istifadəçilər üçün interneti daha əlçatan və reklamsız edə biləcəyini də istisna etməyib.
Texnologiya mütəxəssisləri bu dəyişimin internetin gələcək strukturu üçün ciddi dönüş nöqtəsi olduğunu qeyd edirlər.
Bu tendensiyanın davam edib-etməyəcəyi isə növbəti illərdə daha aydın görünəcək.

