Jurnalistin kartından OTP-siz vəsait SİLİNDİ: "Bank of Baku" və ABB-yə sərt ittihamlar


Azərbaycanda fəaliyyət göstərən bankların onlayn ödəniş təhlükəsizliyi sistemi yenə müştəri narazılığına səbəb olub.

AFN.az xəbər verir ki, jurnalist Dünya Sakit sosial şəbəkə hesabında "Bank of Baku"da üzləşdiyi anormal vəziyyətlə bağlı paylaşım edib. O, kartından OTP (birdəfəlik təhlükəsizlik kodu) təsdiqi olmadan vəsait çıxıldığını bildirərək, həm bankın, həm də beynəlxalq korporasiyanın fəaliyyətini sərt tənqid edib.

Jurnalistin sözlərinə görə, hər şey bir neçə gün əvvəl "Microsoft" şirkətinin "Word" proqramı üçün ödəniş etdikdən sonra başlayıb. Çox keçmədən, heç bir əlavə təsdiq və ya OTP kodu tələb olunmadan, həmin kartdan foto proqramının yenilənməsi adı ilə daha 96 ABŞ dolları silinib.

Əməliyyatın "Bank of Baku"ya məxsus kartla aparıldığını deyən müştəri, proses zamanı heç bir təhlükəsizlik bildirişi almadığını vurğulayır. Üstəlik, valyuta konvertasiyası və digər xidmət haqları bəhanəsi ilə bankın ondan əlavə olaraq rəsmən 30 manata yaxın komissiya tutduğunu qeyd edir.

Dünya Sakit məsələni dəqiqləşdirmək üçün bankın Çağrı Mərkəzi ilə əlaqə saxlayıb. Ona verilən cavab isə vəziyyəti daha da qəlizləşdirib: Bankdan bildirilib ki, ilk alış zamanı daxil edilən OTP kodu xidmət təminatçısının sistemində yaddaşda qalıb və növbəti ödəniş avtomatik reallaşıb.

İstifadəçini hiddətləndirən də məhz bu məqamdır. Cəmi bir neçə dəqiqəlik etibarlılıq müddəti olan birdəfəlik şifrənin (OTP) sonrakı əməliyyatlara da "yaşıl işıq" yandırması nə dərəcədə təhlükəsizdir? Bu xidmət müştərinin xəbəri olmadan vəsaitlərin mənimsənilməsinə rəsmən zəmin yaradır.

Burada diqqətçəkən digər məqam ölkədaxili və xarici ödənişlər arasındakı ikili standartdır. Ölkə daxilində sıradan bir alış-veriş edərkən belə addımbaşı təsdiq tələb edən banklar, nədənsə beynəlxalq rəqəmsal platformaların qarşısında bütün qapıları açır, avtomatik ödənişlərə geniş imkanlar yaradırlar.

Yeri gəlmişkən, bu, jurnalistin qarşılaşdığı ilk belə hal deyil. O, bənzər bir problemi bir müddət əvvəl ABB (Azərbaycan Beynəlxalq Bankı) kartı ilə də yaşadığını xatırladır: "Azyaşlı övladım planşetdə oyun oynayarkən ekrana çıxan üzvlük təklifini sıxıb və kartdan dərhal 6 dollar silinib. Yenə də heç bir OTP təsdiqi istənilməyib".

Aydındır ki, beynəlxalq ödəniş sistemlərində "recurring payment" (təkrarlanan ödəniş) mexanizmi var və istifadəçi şərtlərlə razılaşdıqda sonrakı ödənişlər avtomatik çıxıla bilir. Lakin banklar bu təhlükəli mexanizm barədə müştəriləri qabaqcadan açıq şəkildə məlumatlandırmalı və kart sahiblərinə bu funksiyanı istədikləri an bloklamaq imkanı verməlidir. Əks halda, oxşar "sürpriz" silinmələrlə hələ çox qarşılaşacağıq.

P.S. Məsələ ilə bağlı "Bank of Baku", "ABB" və "Microsoft" şirkətinin mövqeyini işıqlandırmağa hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu