Humanoid robot bazarında investisiya yarışı qızışır
Süni intellekt sahəsindəki irəliləyişlər və azalan istehsal xərcləri humanoid robot sektoruna yönələn investisiyaları yeni bir mərhələyə daşıyıb.
AFN.az xəbər verir ki, fiziki süni intellekt investisiyalarının həcmi 6 milyard dolları keçərkən, maliyyə nəhəngləri və analitiklər bu kateqoriyanı süni intellekt inqilabının ən böyük bazar imkanlarından biri kimi xarakterizə edirlər.
"Goldman Sachs" humanoid robot bazarının 2035-ci il üçün proqnozunu altı dəfə artıraraq 6 milyard dollardan 38 milyard dollara yüksəldib.
Bankın araşdırma qrupu modellərin hər bir davranışı mexaniki mühəndislik tələb olunmadan öz-özünə öyrənməsini təmin edən universal süni intellekt təlimini gözləntiləri üstələyən ən mühüm inkişaf kimi göstərib.
Qurum 2030-cu ilə qədər əksəriyyəti sənaye məqsədli olmaqla 250 mindən çox humanoid robotun tədarük ediləcəyini proqnozlaşdırır.
"SoftBank"ın baş icraçı direktoru Masayoşi Son da fiziki süni intellekti mərkəzinə alan humanoid və sənaye robototexnika sahəsinin gələcəyin trilyon dollarlıq şirkətlərini yetişdirəcəyi məkan olduğunu ifadə edib.
Humanoid robotlar sınaq mərhələlərini geridə qoyaraq istehsal xətlərində aktiv rol almağa başlayıblar.
"Agility Robotics" tərəfindən hazırlanan "Digit" adlı robot loqistika müəssisəsində 100 mindən çox daşıma prosesini uğurla yerinə yetirib.
Şirkət əldə olunan uğurdan sonra "Toyota"nın Kanadadakı fabrikində hissələrin loqistikasını idarə etmək üçün xidmət müqaviləsi imzalayıb.
"Boston Dynamics" isə elektrikli "Atlas" modelinin 2026-cı il üçün nəzərdə tutulan istehsal gücünün tamamilə sifariş edildiyini açıqlayıb.
İlk tədarüklərin icra olunacağı "Hyundai" fabrikində robotlar avtomobil hissələrinin çeşidlənməsi tapşırığını öz üzərlərinə götürüblər.
"Figure AI" firmasının "Figure 02" modeli "BMW"nin Cənubi Karolinadakı fabrikində həyata keçirilən 11 aylıq prosesdə 30 mindən çox avtomobilin yığılmasına və 90 mindən çox metal lövhə hissəsinin daşınmasına dəstək verib.
Sektorda yaşanan xərc azalmasının arxasında istehsal üsullarından daha çox proqram təminatı arxitekturasındakı köklü dəyişikliklər dayanır.
"Agility Robotics", "Figure AI" və "NVIDIA" kimi lider şirkətlər virtual simulyasiyadan reallığa ötürmə adlanan təlim metoduna üstünlük veriblər.
Bu üsulla robotun bütün davranış spektri virtual fiziki simulyatorda öyrədilir və ardınca hər hansı əlavə tənzimləmə tələb olunmadan birbaşa fiziki avadanlığa köçürülür.
"NVIDIA"nın hazırladığı "GR00T N1" modeli ətraf mühiti mənalandıran görmə-dil modulu ilə motor komandalarını real vaxt rejimində istehsal edən transformator modulunu bir arada təqdim edir.
Bu infrastruktur sayəsində tək bir süni intellekt modeli fərqli robot gövdələrinə və tapşırıq növlərinə uyğunlaşa bilir.
Çinli istehsalçıların, xüsusən də "Unitree" firmasının detal istehsalını genişləndirməsi ilə idarəedici mexanizm xərcləri yarıbayarı azalıb.
Avadanlıqların standartlaşması və simulyasiya əsaslı proqram təminatları sayəsində 2023-cü ildə 150 min dollardan baha olan kommersiya təyinatlı humanoid robotların qiymətləri 40 min dollar ilə 60 min dollar aralığına enib.
Robotların icarə modeli ilə saatlıq təxminən 30 dollara xidmətə verilməsi istehsalçıların yüksək ilkin kapital xərcləmədən bu texnologiyanı mənimsəməsini asanlaşdırır.
Analitiklər humanoid robot istehsalının həcmində Çinin bariz üstünlüyə malik olduğunu və ABŞ-ın aradakı fərqi bağlamağa çalışdığını bildirirlər.
Çin mərkəzli "Unitree Robotics" ötən il təxminən 5 min 500 ədəd robot göndərdiyi halda, bu il 10 min ilə 20 min arası nüsxə istehsal etməyi hədəfləyir.
Buna baxmayaraq Çin istehsalçılarının bazarda dominantlıq etməsi beynəlxalq məkanda hüquqi və təhlükəsizlik risklərini də bərabərində gətirir.
Çindəki Milli Kəşfiyyat Qanununun 7-ci maddəsi ölkədəki bütün şirkət və vətəndaşların dövlət kəşfiyyat fəaliyyətlərinə dəstək verməsini və əməkdaşlıq etməsini məcburi edir.
ABŞ Konqresi "Unitree"nin Çin ordusu ilə əlaqəli qurumlarla bağlarının araşdırılması məqsədilə addımlar atıb.
Senata təqdim edilən müvafiq qanun layihəsi birbaşa "Unitree"ni hədəf alaraq milli təhlükəsizlik araşdırmasının başladılmasını və federal fondlardan maliyyələşən tədqiqatçıların bu avadanlıqlardan istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutur.
Kibertəhlükəsizlik ekspertləri daha əvvəl şirkətin bəzi robot it modellərində cihazın kamera, səs və sensor məlumatlarına giriş imkanı verən gizli bir giriş (CVE-2025-2894) aşkarlamışdılar.
Şirkət bu funksiyanı qeyri-aktiv etdiyini və yeni humanoid modellərin daha təhlükəsiz arxitekturaya sahib olduğunu açıqlasa da, bu barədə hələlik müstəqil audit hesabatı dərc edilməyib.
Digər tərəfdən, müstəqil tədqiqatçılar şirkətin "G1" adlı humanoid robot modelində Çindəki serverlərə telemetriya, səs və məkan məlumatlarının ötürüldüyünü və internetə sızmış sabit şifrləmə açarlarından istifadə olunduğunu iddia ediblər.
"Unitree" isə ittihamları rədd edib.
"NVIDIA" bu təhlükəsizlik narahatlıqlarına qarşı robotun alt sistemlərinə yönələn bütün proqram yeniləmələrinin öz təsdiq mexanizmlərinə sahib çiplər vasitəsilə həyata keçiriləcəyini bəyan edib.
Şirkət həmçinin ABŞ, Avropa və Cənubi Koreyadakı yerli istehsalçılarla da bənzər referans platformaları hazırlamağı planlaşdırır.
Bazardakı sürətli böyüməyə baxmayaraq, humanoid robotların ümumi məqsədlər üçün istifadəsinin qarşısında texniki maneələr mövcuddur.
Ekspertlər robotların fərqli forma, çəki və elastiklikdəki obyektləri həssas şəkildə qavraması və səsli əmrlərlə təbii qarşılıqlı əlaqə qurması məsələlərinin hələ tam həll olunmadığını qeyd edirlər.
Robotlar tapşırıqların təkrara əsaslandığı xüsusi zavod sahələrində uğurlu olsalar da, nizamsız və proqnozlaşdırıla bilməyən mühitlərdə çətinlik çəkirlər.
Hazırkı kommersiya təyinatlı humanoid robotların batareya ömürləri iki saatla səkkiz saat arasında dəyişir.
İkiayaqlı robotların sənaye sahələrindəki döşəmə fərqliliklərinə qarşı müvazinəti saxlama etibarlılığı hələ tam sübuta yetirilməyib.
Təhlükəsizlik standartları mövzusunda da bəzi hüquqi boşluqlar diqqət çəkir.
"Figure AI" firmasına qarşı açılan bir məhkəmə işində bir mühəndis şirkətin robotunun insan kəlləsini qıra biləcək dərəcədə yüksək zərbə qüvvəsi hasil etdiyini irəli sürüb.
Mövcud əməyin mühafizəsi və təhlükəsizlik qaydalarında ikiayaqlı gəzən maşınların güc hədlərini birbaşa tənzimləyən spesifik bir standart yer almır.
Məşğulluq üzərindəki təsirlər qiymətləndirilərkən anbar işçi qüvvəsinin təxminən 25 faiznin sabit avtomatlaşdırmaya uyğun olmayan dəyişkən tapşırıqlardan ibarət olduğu qeyd edilir.
Dünya İqtisadi Forumunun hesabatları avtomatlaşdırmanın qlobal miqyasda yeni iş sahələri yaradacağını təxmin edir.
"McKinsey Global Institute" məlumatları 2030-cu ilə qədər dünya miqyasında 400 milyon ilə 800 milyon arası iş yerinin avtomatlaşdırma səbəbindən dəyişə biləcəyini və ya təsirə məruz qalacağını göstərir.
Humanoid robot bazarında 2026-cı il kommersiya təyinatlı avadanlıqların əlçatan olduğu və sənaye miqyasında istehsalatın başladığı real başlanğıc nöqtəsi kimi qəbul edilir.
