Keşlədə yanan anbarlar tanınmış dərman şirkətlərinə məxsusdur
Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən obyektdə baş verən qəfil yanğın hadisəsi ilə bağlı yeni və mühüm təfərrüatlar məlum olub.
AFN.az-ın əldə etdiyi məlumata görə, yanan anbarlar ölkənin böyük əczaçılıq şirkətlərinə məxsusdur. Aralarında tanınmış şirkətlərə məxsus anbarların da olduğu obyektlərə dəyən zərər ilkin ehtimallarla 1 milyon civarındadır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan ilkin siqnal əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Ümumilikdə iki anbarı əhatə edən alovun söndürülməsi üçün mübarizə tədbirləri həyata keçirilib. Görülən təxirəsalınmaz işlər sayəsində qəsəbə ərazisindəki yanğın tamamilə söndürülərək nəzarətə götürülsə də, hadisənin fəsadlarının kifayət qədər ciddi olduğu bildirilir.





