Yaponiyada "Çanmi" tayfunu nəticəsində doqquz nəfər xəsarət alıb


Yaponiyada Okinava prefekturasına zərbə vuran və ölkənin əsas adaları — Küşü, Şikoku və Honşu istiqamətində hərəkətini davam etdirən "Çanmi" tayfununun fəsadları nəticəsində azı doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

AFN.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında məlumat verib. Qabinet rəhbəri bildirib: "Okinava prefekturasında doqquz nəfər yüngül xəsarətlər alıb, altı yaşayış binasına və tikiliyə ziyan dəyib".

Bununla yanaşı, təbii fəlakətin yaxınlaşması səbəbindən ləğv edilən aviareyslərin sayı 300-ü ötüb. Məhdudiyyətlər əsasən hazırda tayfunun hərəkət xəttində olan Küşü adasındakı Miyadzaki və Kaqoşima hava limanlarını əhatə edir.

Məlumata görə, Okinavadan keçən tayfun hazırda Küşü adasından cənubda qərarlaşıb. Onun episentri şimal-şərq istiqamətində saatda təxminən 25 kilometr sürətlə irəliləyir. Sinoptiklər xəbərdarlıq edirlər ki, axşama doğru fəlakət Küşünün cənub hissəsinə çatacaq, daha sonra isə şimal-şərq istiqamətində yoluna davam edəcək.

Proqnozlara əsasən, iyunun 3-ü axşam saatlarınadək tayfun Sakit okean sahili boyunca Şikoku və Honşu adalarından keçərək paytaxt Tokio regionuna çatacaq. Bundan sonra "Çanmi" tayfununun Sakit okean akvatoriyasına doğru uzaqlaşacağı gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu