AYNA, "labirint" xətləriniz sürücülər üçün ciddi təhlükə yaradır...


"AYNA-ya ciddi və əsaslı iradlarım var".

AFN.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Fərhad Mehdiyev öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qurumun tətbiq etdiyi yeni "labirint" nişanlanma xətləri sürücülər üçün ciddi təhlükə yaradır:

"Sürücü ətrafdan gələ biləcək risklərə fokuslana bilmir, çünki diqqəti yerdəki xətlərə yayınır. Bəzi yerlərdə bu hal təhlükəsiz görünsə də, əksər yerlərdə ciddi qəza şəraiti formalaşdırır. Məsələn, Bakıxanov küçəsindən Tbilisi prospektinə enəndə sağdan çıxışla dairəyə elə daxil olmalısan ki, həm zolağı tapdalamayasan, həm də soldan gələnlərə yol verəsən. Bu əsnada soldan gələnləri gözləyərkən sarı xətli hissənin üzərində dayanırsan ki, orada da uzun müddət gözləmək olmaz. Orada hər hansı qəza baş versə, buna görə birbaşa maddi məsuliyyət daşıyırsınız".

F.Mehdiyev yollardakı nişanlanma xətlərinin standartlara uyğun çəkilmədiyini də vurğulayıb:

"Zəhmət olmasa, yolun yuxarı hissəsində – asma dəmir lövhələrdə hər şərid üzrə hərəkət istiqamətlərini göstərin, bunu sadəcə yerdə çəkməklə kifayətlənməyin. Sıxlıq olanda yerdəki xətləri görmək qeyri-mümkündür.

Üçüncüsü, deyək ki, bir istiqamətdə 4 zolaq var; orada sol 2 zolaqdan düzünə, sağdan ikinci zolaqdan düzünə və sağa, ən sağ zolaqdan isə yalnız sağa hərəkət mümkün olmalıdır. Siz nə edirsiniz? Sağdan ikinci zolaqda istiqamətləri məhdudlaşdırırsınız – ya ancaq düzünə, ya da ancaq sağa nişanlayırsınız.

Məsələn, Tbilisi prospektindən 20 Yanvar istiqamətinə gedən yolda, Salamzadə küçəsinə çatarkən sol 2 zolaqdan ancaq düz, sağ 2 zolaqdan isə ancaq sağa getmək icazəlidir. Həmin yerdə sürücülərin çoxu düzünə hərəkət edir, siz isə 4 zolaqdan yalnız 2-nə düzünə hərəkət icazəsi verirsiniz. Həlli yolu budur: sağdan ikinci zolaq həm düzünə, həm də sağa gedə bilməlidir.

Bu qəbildən olan yerlər çoxdur. Məsələn, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Sirk tərəfə dönəndə yalnız sağ zolaqdan sağa dönməyə icazə verilir ki, bu da həmin hissədə süni tıxanmaya səbəb olur. Ümid edirəm, yazımı oxuyub müvafiq dəyişiklikləri edəcəksiniz".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu