Paytaxtda 21 384 uşaq məktəbəhazırlıq qruplarını başa vurub
Paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2025-2026-cı tədris ilində qurumun tabeliyindəki 295 ümumi təhsil müəssisəsi üzrə 928 məktəbəhazırlıq qrupunda 21 521 uşaq məşğələyə cəlb olunub.
Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.
Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri keçirilib.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.



