İtaliyada paradda iştirak edəcək süvari atları qaçıb



İtaliyada 2 İyun Respublika Günü münasibətilə paytaxt Romada keçiriləcək rəsmi hərbi paradda iştirak etməli olan süvari dəstəsinin atları dünən gecə saxlanıldıqları yerdən qaçaraq şəhər küçələrində xaosa səbəb olub.

AFN.az xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra 2 iyun 1946-cı ildə keçirilən referendumla monarxiyadan respublika idarəetmə üsuluna keçən İtaliyada bayram hazırlıqları davam edərkən baş verən hadisə paytaxtın Kristof Kolomb küçəsində gərgin anlar yaşadıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, gecə yarısına yaxın qaçan atlar hərəkətdə olan bəzi nəqliyyat vasitələrinə maddi ziyan vursa da, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Heyvanların qaçması ilə bağlı polisə çoxlu sayda zəng daxil olub və sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi hərbçilərin də at belində qaçan heyvanları təqib etdiyi əks olunub.

Atların saxlanıldıqları yerdən necə qaçması ilə bağlı artıq araşdırmalara başlanılıb və əsas fərziyyələrdən birinə görə, heyvanlar yaxınlıqda atılan atəşfəşanlıq səsindən qorxaraq maneələri aşıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu