"Mango"nun qurucusunun oğlu istintaq müddətində postunu tərk edib
"Mango" moda nəhənginin qurucusu İsak Andikin oğlu Conatan Andik şirkətin idarə heyətinin vitse-prezidenti vəzifəsindən müvəqqəti ayrılıb. Bu qərar onun atasının ölümü ilə bağlı aparılan təhqiqatda rəsmən şübhəli şəxs qismində tanınmasından sonra verilib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Conatan Andik dərc etdiyi açıq məktubda tamamilə günahsız olduğunu bildirib və ittihamların reallıqla heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Xatırladaq ki, brendin qurucusu İsak Andik 2024-cü ilin dekabrında Barselona yaxınlığındakı dağlarda oğlu ilə gəzinti zamanı 100 metrdən çox hündürlükdəki qayadan yıxılaraq həlak olub. Ötən həftə İspaniya məhkəməsi işdə hadisənin bədbəxt hadisə olmadığını və Conatan Andikin burada "aktiv və qəsdən rol oynadığını" ehtimal edən sübutların olduğunu əsas gətirərək ona rəsmi şübhəli şəxs statusu verib.
Məhkəmə sənədlərində qeyd olunur ki, ata ilə oğul arasındakı münasibətlər Conatanın "pula olan həvəsi" səbəbindən kəskin pisləşib. İstintaq həmçinin onun "WhatsApp" yazışmalarına istinad edir ki, burada o, uğursuzluqlarına görə atasını günahlandıraraq ona qarşı nifrətini ifadə edib.
45 yaşlı Conatan Andik isə bu iddiaları rədd edərək, hər ailədə olduğu kimi onlarda da çətin anların və fikir ayrılıqlarının yaşandığını, lakin bunları qarşılıqlı dəstəklə aşdıqlarını bildirib.
Qeyd edək ki, Conatan atasının ölümündən təxminən altı həftə sonra – 2025-ci ilin yanvarında bu vəzifəyə təyin edilmişdi. "Mango"nun idarə heyəti bəyanat yayaraq məhkəmə prosesinin tezliklə müsbət həll olunacağına tam əminliklərini ifadə edib.


