"Kontakt Home" göz boyayır: Ekspert şirkətin faydasız KSM layihəsini tənqid etdi
“Kontakt Home” son günlər yayımladığı reklam materialları ilə yenidən gündəmə gəlib.
AFN.az xəbər verir ki, şirkətin iki reklamı geniş müzakirələrə səbəb olub. Bunlardan biri Qurban bayramı ərəfəsində təqdim olunan, qırmızı rəngli qurbanlıq qoyunun kompüter arxasında əyləşərək məhsul sifariş verməsini əks etdirən reklam çarxıdır. Sosial şəbəkə istifadəçiləri bunu müştərilərə qarşı hörmətsizlik kimi qiymətləndirərək şirkəti tənqid ediblər.
Digər reklam isə “Təhsilin üçün yanındayıq! – məktəblilər üçün ödənişsiz xidmət” layihəsi ilə bağlıdır. Bu layihə də ekspertlərin narazılığına səbəb olub.
PR üzrə mütəxəssis Vüqar Baba AFN.az-a açıqlamasında bildirib ki, birinci reklam çarxı bayramla əlaqədar kreativ yanaşma kimi qəbul edilə bilər: "Öz növbəsində vətəndaşların iradları da haqlıdır, bənzətmənin yanlış qəbul olunması normaldır".
“Təhsilin üçün yanındayıq! – məktəblilər üçün ödənişsiz xidmət” layihəsi ilə bağlı videoya gəlincə, burada şirkətin Quba, Bərdə, Göyçay, Masallı və Zaqatala mağazalarında “dərs otaqları”nın yaradıldığı, Wi-Fi, kompüter və lazımi ləvazimatları təmin edilərək şagirdlər üçün özünü evindəki kimi hiss edəcək şərait qurulduğu bildirilir: "Bu beş bölgədəki mağazalarımıza gəl, ev tapşırığını burada hazırla. Ən əsası isə – məktəblilər üçün olan bu xidmət tam ödənişsizdir".
V.Babanın sözlərinə görə, bu tip layihələrə korporativ sosial məsuliyyət (KSM) deyirlər:
“Şirkətlər belə layihələrlə cəmiyyətə fayda verməyə çalışırlar. Hətta Qərb ölkələrində bu, məcburidir. Azərbaycanda isə məsələn, ağacəkmə bunun bənzəridir, bundan başqa, kimsəsizlər evində hansısa kurs keçmək və s. KSM layihələri hesab olunur. “Kontakt Home” də belə bir layihə reallaşdırır: ucqar kəndlərdə yaşayan uşaqların dərs oxumaq prosesində texniki təminatına dəstək olur. Əgər həmin uşaqların kompüter, printer və s. problemləri varsa, “Kontakt Home”un qeyd edilən filiallarına gəlib orada dərslərini edə bilərlər. Onlar üçün ayrıca masa ayrılıb. Videoya baxanda mən də təsirləndim, KSM prinsiplərinə, standartlarına uyğundur. Özəl şirkət ucqardakı şagirdlər üçün jest edib. “Necə gözəl şirkətdir” təəssüratı yaradır. Amma şirkətin saytına girəndə görürsən ki, heç bir ucqar kənddə, yaşayış məntəqəsində şirkətin filialı yoxdur, hamısı rayon mərkəzlərində, şəhərlərdədir. Adıçəkilən şəhər və rayonların hamısında filiallar şəhər mərkəzində yerləşir, heç kim bundan faydalana bilmir. Kənddə oxuyan uşağın gedib rayon mərkəzində həmin otaqda dərs oxuması üçün maşın lazımdır, üstəlik yemək almalıdır və s. xərclər lazımdır. Bu xərcləri çəkməkdənsə, limitsiz internet paketləri alar, onunla məşğul olar. Yəni faktiki olaraq bu reklamda göstərilən dəstəyi əslində heç kimə göstərə bilmirlər. Vizuala baxanda düşünürsən ki, nə qədər insan faydalanıb, amma reallıqda heç kimə xeyri yoxdur. Bu tip layihələrə greenwashing, yəni yaşıl yuma deyilir. Bu, sosial layihələrin manipulyasiyasıdır. Əslində bu şirkət həmin video və reklam vasitəsilə cəmiyyəti aldadır. Realda heç bir fayda vermir, çünki “Kontakt Home”un heç bir ucqar nöqtədə filialı yoxdur. Şirkətdəkilər deyəsən, xəritədə sərhədə yaxın yerləşən rayonların hamısını ucqar hesab edirlər”.
Ekspert qeyd edib ki, bu cür layihələrin aylıq, rüblük, yarımillik və illik hesabatları da açıqlanmalıdır:
“Amma “Kontakt Home” bunu da etməyib. Çünki rayon mərkəzində yerləşdiyi üçün heç kim gəlməyib. Bir çox ağacəkmə aksiyalarında da belə olur: ağacları əkirlər, amma qulluq etmirlər, quruyub gedir. Yaxud 100 ağacı bir yerə əkirlər, sabah gəlib 50-ni çıxarıb başqa yerə aparırlar. Bu tip nəticəsiz layihələrə, dediyim kimi, greenwashing deyilir – yaşıl yuma, manipulyasiya kimi qiymətləndirilir. “Kontakt Home” bu reklamla sentimental, cəmiyyəti düşünən imic yaratmaq istəyir, amma yalan danışmış olur. Loru dillə desək, bu, göz boyama aksiyasıdır. Əslində bu çəkilişə, sosial çarxın hazırlanmasına və yayımlanmasına çəkilən xərc bəlkə də bir uşağın bir illik təhsil xərclərinə yönəldilə bilərdi və bu daha çox fayda verərdi”.
Qeyd edilənlərlə bağlı şirkətin mövqeyini öyrənmək üçün mətbuat xidmətinə etdiyimiz zəng cavabsız qaldı. “Kontakt Home”un mövqeyini dərc etməyə hazırıq.


