Supergüclərin rəqabəti kəskinləşdi - Süni intellekt investisiyalarında rekord qırıldı



Süni intellekt investisiyaları ötən il rekord həddə çatarkən, supergüclər arasındakı rəqabət də daha da alovlanıb.

AFN.az xəbər verir ki, Stenford Universitetinin araşdırmasına görə, qlobal süni intellekt investisiyaları 2025-ci ildə 129,9 faiz artaraq 581,7 milyard dollara çatdığı halda, bu investisiyaların təxminən yarısını təkbaşına ABŞ həyata keçirib.

Süni intellektin bir çox sektorda sürətlə mənimsənilməsi ilə bu texnologiyalara artan tələbat şirkətləri çip, qrafik emal mərkəzi, məlumat mərkəzi və enerji infrastrukturu investisiyalarını sürətləndirməyə sövq edib.

Bu sahədə fəaliyyət göstərən "Nvidia", AMD, "Microsoft", "Google", "Amazon" və "Huawei" kimi nəhəng şirkətlərin milyardlarla dollarlıq investisiyaları enerji, yarımkeçiricilər və müdafiə sənayesi kimi sahələrə birbaşa təsir göstərəcək səviyyəyə çatıb.

Son illərdə süni intellekt rəqabəti böyüdükcə qoyulan investisiyalar da özü ilə bərabər rekordlar gətirib.

Stenford Universitetinin apardığı araşdırmaya görə, 2013-2025-ci illər ərzində ölkələrin özəl sektor üzrə süni intellekt investisiyaları 757,3 milyard dollara çatıb.

Ən böyük sıçrayış isə ötən il qeydə alınıb. Şirkətlər təkcə 2025-ci ildə əvvəlki illə müqayisədə 127,5 faiz artımla 344,7 milyard dollarlıq süni intellekt investisiyası qoyublar ki, bununla da sözügedən dövrdəki ümumi investisiyaların təxminən yarısı məhz ötən il reallaşdırılıb.

Ötən il qoyulan investisiyaların 285,9 milyard dollarlıq hissəsini ABŞ şirkətləri icra edib.

Bu göstərici ilə ABŞ-ni rəsmi olaraq məlum olan 12,4 milyard dollarlıq investisiya ilə Çin şirkətləri və 5,9 milyard dollarla Böyük Britaniya şirkətləri izləyib.

Bəzi ölkələrin və şirkətlərin öz investisiyalarını gizli saxlaması səbəbindən açıqlanan rəqəmlərdən başqa digər böyük məbləğlərin də zamanla üzə çıxacağı gözlənilir.

Korporativ və digər kənar investisiyalarla birlikdə ümumi süni intellekt investisiyası ötən il əvvəlki illə müqayisədə 129,9 faiz artaraq 581,7 milyard dollara yüksəlib.

ABŞ maliyyələşdirilən şirkətlərin sayına görə də 1953 şirkətlə birinci yerdə qərarlaşıb. İkinci yerdə 172 şirkətlə Böyük Britaniya, üçüncü yerdə isə 161 şirkətlə Çin gəlir.

Buna baxmayaraq Çin bu sahədəki elmi nəşrlər, istinadlar və patentlərin verilməsi mövzusunda lider mövqeyini qoruyur və təkcə ötən il aldığı 35 patentlə diqqət çəkir.

Ölkələr bir tərəfdən bu rəqəmsal transformasiyanın iqtisadi imkanlarından yararlanmağa çalışarkən, digər tərəfdən texnologiyanın yarada biləcəyi sosial, etik və təhlükəsizlik risklərini nəzarət altında saxlamaq məqsədilə yeni tənzimləmə mexanizmlərini işə salırlar.

Məlumat təhlükəsizliyi, müəllif hüquqları, dezinformasiya, şəxsi həyatın toxunulmazlığı və alqoritmik şəffaflıq kimi mövzular hökumətlərin süni intellekt siyasətində prioritet istiqamətlər sırasındadır.

Avropa İttifaqının "AI Act" tənzimləməsi, ABŞ-da aparılan təhlükəsizlik yönümlü müzakirələr və Çinin dövlət nəzarətini mərkəzə alan yanaşması qlobal miqyasda fərqli tənzimləmə modellərini ortaya qoyur.

Bu çərçivədə 2016-cı ilə qədər G20 ölkələri arasında süni intellektlə bağlı heç bir qanun yox idisə, ötən ilin sonuna olan məlumata görə bu qanunların sayı 150-yə yüksəlib.

ABŞ 25 qanunla bu sahədə də liderdir, ondan sonra isə 17 qanunla Cənubi Koreya, hər biri 10 qanunla Fransa və Yaponiya gəlir.

Texnologiyanı dərindən dəyişdirən süni intellekt səhiyyədən kənd təsərrüfatına, nəqliyyatdan enerjiyə, müdafiədən bank və maliyyə sektoruna qədər demək olar ki, hər sahədə böyük transformasiyaya səbəb olub.

Süni intellektin kənd təsərrüfatı texnologiyalarında tətbiqi ilə istehsal proseslərində səmərəliliyin artırılması, resurslardan optimallaşdırılmış istifadə və iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması hədəflənir.

Səhiyyə sahəsində isə süni intellekt erkən diaqnostika, tibbi görüntüləmə, dərmanların hazırlanması, xəstələrin izlənilməsi və fərdiləşdirilmiş müalicə proseslərində mühüm rol oynayır.

Nəqliyyat və loqistika sektorunda süni intellekt marşrutların optimallaşdırılması, hərəkətin idarə edilməsi, yanacağa qənaət, avtonom nəqliyyat vasitələri texnologiyaları və tədarük zəncirinin planlaşdırılmasında tətbiq edilir.

Enerji və sənaye sektorunda isə süni intellekt bərpa olunan enerji istehsalının dəstəklənməsi, nasazlıqların əvvəlcədən təxmin edilməsi və səmərəlilik tətbiqlərində önə çıxır.

Müdafiə sənayesində avtonom sistemlər, təsvirlərin emalı, hədəfin təyini, elektron müharibə, kibertəhlükəsizlik, simulyasiya və qərarların qəbuluna dəstək sistemləri kimi sahələrdə süni intellekt strateji bir ünsürə çevrilir.

Son dövrlərdə baş verən müharibələrdə süni intellekt texnologiyalarından intensiv şəkildə istifadə edilib.

Bank və maliyyə sektorunda isə bu texnologiya dələduzluğun aşkarlanması, kredit risklərinin təhlili, müştəri davranışlarının modelləşdirilməsi və fərdiləşdirilmiş maliyyə xidmətlərində geniş tətbiq olunur.

Bu sayədə bank filiallarına getmədən əməliyyatların icrası, investisiyalarda süni intellektin idarəçiliyi həm zamana, həm də məkana qənaət imkanı yaradır.

Bu baxımdan süni intellekt yalnız yeni bir texnoloji sahə kimi deyil, ölkələrin istehsal gücünü, xidmət ixracatını, məhsuldarlıq artımını və qlobal rəqabət qabiliyyətini müəyyən edən əsas iqtisadi elementlərdən biri kimi ön plana çıxır.

Son vaxtlar süni intellektdən istifadə etməklə törədilən dələduzluq və qanunsuzluq fəaliyyətləri isə dövlətlərin diqqət mərkəzində saxladığı və həllini axtardığı əsas qlobal problemlər arasında yer almaqdadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu