İsrail Livanın cənubundakı 10 qəsəbənin sakinlərini evlərini tərk etməyə çağırıb
Livanın cənubundakı Nəbatiyə əyalətinin 10 yaşayış məntəqəsinin sakinlərinə gözlənilən hava zərbələri ilə əlaqədar təcili təxliyə olunmaq barədə İsrail hərbçilərindən xəbərdarlıq daxil olub.
AFN.az xəbər verir ki, İsrail ordusunun rəsmi nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində ərəb dilində yaydığı bəyanatda livanlı ailələrdən təhlükəli zonanı dərhal tərk etmələrini tələb edib. O, buna səbəb kimi şiə "Hizbullah" hərəkatının atəşkəs razılaşmasını pozmağa davam etməsini göstərib.
"Biz "Hizbullah"a qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Sizin təhlükəsizliyiniz naminə dərhal evlərinizi tərk etmeli və qəsəbələrdən ən azı bir kilometr uzaqlaşmalısınız", - deyə ordu rəsmisi vurğulayıb.
"Asharq al-Awsat" qəzetinin məlumatına görə, intensiv hərbi əməliyyatlar səbəbindən hazırda sərhəddən 40 kilometrlik məsafədə - Cezzin, Nəbatiyə və Sayda şəhərlərinin ətrafında yerləşən 95 şəhər və kəndin sakini təxliyə təhlükəsi ilə üz-üzə qalıb. Bundan əlavə, İsrail hərbçiləri Qərbi Bekaa regionunda da hərbi əməliyyatlara başlayıblar. Qeyd olunur ki, bu bölgədən cənub rayonlarında işğalçı qüvvələrə müqavimət göstərən "Hizbullah" dəstələrinin təchizat xətləri keçir.

