ABŞ-da süni intellektə qarşı qəzəb artır: Milyard dollarlıq layihələr ləğv edildi



ABŞ-da süni intellekt şirkətləri və məlumat mərkəzlərinə qarşı reaksiyalar getdikcə böyüyür.

AFN.az xəbər verir ki, yüksək enerji istehlakı, artan elektrik qiymətləri, işini itirmək qorxusu və uşaqlar üzərindəki təsirləri səbəbindən etirazlar genişlənərkən, bəzi hadisələr artıq şiddət müstəvisinə keçib.

Milyardlarla dollarlıq sərmayə ilə qurulan məlumat mərkəzləri yüksək enerji tələbatlarına görə ətraf mühit müdafiəçilərinin və yerli əhalinin hədəfinə çevrilib.

"The Wall Street Journal"ın məlumatına görə, amerikalılar xüsusilə enerji qiymətlərinin bahalaşdığı bir dövrdə məlumat mərkəzlərinin elektrik istehlakını artırmasından ciddi narahatlıq keçirirlər və sorğular süni intellektlə bağlı qorxuların son dövrdə nəzərəçarpacaq dərəcədə artdığını təsdiqləyir.

İctimai narahatlıq bununla məhdudlaşmır; işçilər süni intellektin iş yerlərini əllərindən alacağından qorxur, valideynlər isə texnologiyanın təhsil sisteminə mənfi təsir göstərdiyini və uşaqların ruhi sağlamlığını pozduğunu müdafiə edirlər.

Mütəxəssislərə görə, bu müzakirələrin qısa müddətdə siyasi bir məsələyə çevrilməsi diqqətçəkən bir inkişafdır.

Süni intellektə qarşı qəzəb bəzi bölgələrdə şiddət hadisələrinə yol açıb; ötən ay Sem Altmanın San-Fransiskodakı evinə molotof kokteyli atılıb və hücumu edən 20 yaşlı gəncin üzərindən süni intellekt əleyhinə manifest çıxıb.

Bir neçə gün sonra isə şəhərdə məlumat mərkəzi layihəsinə təsdiq verən Ron Gibsonun evinə atəş açılıb və qapısına "məlumat mərkəzi istəmirik" yazılı qeyd qoyulub.

WSJ-nin məlumatına görə, etirazlar səbəbindən ümumi dəyəri 156 milyard dollar olan 48 məlumat mərkəzi layihəsi ləngiyib və ya əngəllənib, təkcə bu ilin ilk rübündə isə 20 layihə ləğv edilib.

Stenford və Kaliforniya universitetlərinin tədqiqatçısı Qreqori Ferenşteyn vəziyyətin bu qədər sürətlə şiddətlənməsini təəccüblə qarşılayıb, sorğular isə bu məsələdə siyasi qütbləşmənin də artdığını göstərir.

Artan təzyiqlər qarşısında texnologiya şirkətləri noyabrda keçiriləcək aralıq seçkilər öncəsi ictimai dəstəyi qazanmaq üçün yüz milyonlarla dollarlıq kampaniyalar aparır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə daha əvvəlki açıqlamasında məlumat mərkəzlərinin ictimaiyyətlə əlaqələr dəstəyinə ehtiyacı olduğunu qeyd etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu