Restoran menyusunda qumar uduşları: “Nasha Dacha”nın “Loto gecələri” şousu qanunidirmi? - VİDEO
Bakının Ağ Şəhər ərazisində yerləşən "Nasha Dacha" restoranı qumar oyunları təşkili edir.
AFN.az xəbər verir ki, bu barədə sözügedən iaşə obyektinin sosial şəbəkə hesablarında yayımladığı rəsmi reklam materiallarında əksini tapıb. Paylaşımlardan görünən odur ki, restoranda hər həftənin ikinci günü uduşlu loto oyunları təşkil olunur və müştərilərə "bol hədiyyələr" vəd edilir. Obyektin "Bol hədiyyə qazanmaq istəyən "Nasha Dacha"ya gəlsin!", "Hər həftənin 2-ci günü restoranımızda keçirilən loto gecəsinə gəlin, yeyin, için, dincəlin və bol-bol şanslardan, hədiyyələrdən faydalanın!", "Gəlin, əylənin, loto oynayın və hədiyyələr qazanın" kimi reklam şüarları prosesin sırf asudə vaxtın təşkili və ya əyləncə xarakterli olmadığını, ortada maddi maraq və şans elementlərinə əsaslanan bir uduş fondunun mövcudluğunu sübut edir. Görünən odur ki, bu təşkilatçılıqdan birbaşa bilet satışı ilə olmasa da, dolayısı ilə qazanc götürülür.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Xüsusilə virtual və ya real mühitdə bu kimi təsadüfə əsaslanan mərc və uduş oyunlarında iştirak etmək inzibati xəta hesab olunur.
Bu baxımdan "Nasha Dacha" restoranının bu addımı qanunvericiliyin bir neçə ciddi norması ilə birbaşa ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar qumar kateqoriyasına aid edilir. Həmin maddənin 401.1 və 401.3-cü bəndlərinə görə, qumar oyunlarında iştirak üçün imkanların yaradılması, uduşların və mükafatların verilməsi, habelə bunun təşkili fəaliyyətinə görə hüquqi şəxslər qırx min manat, vəzifəli şəxslər isə yeddi min manat məbləğində cərimə edilir. Bundan əlavə, Məcəllənin 428.9-cu maddəsi keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş lotereyaların və qumar oyunlarının reklamına görə hüquqi şəxslərə eyni qaydada qırx min manat məbləğində cərimə tətbiq olunmasını nəzərdə tutur.
Hüquqi məsuliyyət təkcə inzibati tənbehlə məhdudlaşmır. Belə ki, 1 yanvar 2022-ci ildən qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla bu sahədəki sanksiyalar daha da sərtləşdirilib. Sözügedən dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin rəsmi fəaliyyət dairəsi genişləndirilərək əvvəlki “Qumarxana təşkil etmə və ya saxlama” adlı 244-1-ci maddəsinin adı dəyişdirilib, “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılaraq tamamilə yeni redaksiyada verilib. Bu yeni redaksiyaya görə, qumar oyunlarının təşkili, keçirilməsi və ya bu məqsədlə yer təşkil edilməsi beş min manatdan on min manatadək cərimə, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cinayət cəzasına səbəb olur. Həmin əməllər internet və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə isə maddənin sanksiyası on min manatdan on beş min manatadək cərimə və iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə rejimini aktivləşdirir. Həmçinin prosesdə iştirak edən müştərilər üçün də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə uduşlar müsadirə olunmaqla üç min manat cərimə müəyyən edilib.
"Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ölkə ərazisində tirajlı və şansa dayalı bu növ oyunların keçirilməsi hüququ yalnız dövlətin müəyyən etdiyi müstəsna operatora məxsusdur və hər hansı fərdi sahibkarın və ya iaşə obyektinin loto oyunları üçün lisenziya alması hüquqi baxımdan qeyri-mümkündür. Paytaxtın mərkəzi ərazilərindən birində fəaliyyət göstərən "Nasha Dacha" restoranının qanunvericiliyin bu tələblərini kənara qoyaraq sistematik şəkildə "loto gecələri" təşkil etməsi və bunu kütləvi şəkildə işıqlandırması hüquq-mühafizə orqanlarının və nəzarətedici dövlət qurumlarının dərhal müdaxilə etməsini zəruri edən ciddi hüquqi əsaslar formalaşdırır.
Qeyd edək ki, məsələ ilə bağlı "Nasha Dacha" rəhbərliyinin mövqeyini almaq istəsək də, cəhdimiz boşa çıxdı. Belə ki, restoranın telefonuna cavab verən işçi rəhbərliyin yerində olmadığını bildirdi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.


