DİM sədrindən SAT imtahanı ilə bağlı XƏBƏRDARLIQ
"SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir".
AFN.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.
"Məsələn, SAT imtahanında - hansı ki ingilis dilindədir və orada riyaziyyatdan maksimum 800 bal toplamaq olar, oxu və yazı ilə birlikdə ümumi bal 1600-dür, ancaq 1500-dən yuxarı nəticə göstərən şəxs bizim buraxılış imtahanında təxminən 20-30 bal nəticə göstərir. Bu isə mümkün deyil. Çünki SAT-də olan riyaziyyat daha mürəkkəbdir və bu nəticə fərqi normal görünmür. Ona görə də biz SAT imtahanları ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ciddi narazılığımızı bildirmişdik", - DİM sədri bildirib.
Məleykə Abbaszadə qeyd edib ki, Azərbaycanda yalnız bir universitet SAT imtahanı nəticəsi ilə tələbə qəbul edir: "Onlar da artıq bu ildən şərt qoyublar ki, SAT-dan müəyyən balla yanaşı, bizim buraxılış imtahanında riyaziyyatdan ən azı 40 bal toplamalıdırlar. Məncə bu daha yaxşı qərardır və doğrudan da SAT-ı özü verənlər layiq olduqları yerləri tutacaqlar. Çünki təəssüf ki, əvvəlki illərdə gördük ki, hardasa kimlərsə kimlərin yerinə imtahanda iştirak edib, ya da müxtəlif yollarla nəticə əldə ediblər".




