Ləğv olunan reyslər üzrə geriödəniş müraciətləri müvafiq şərtlərlə icra olunur - AZAL
"Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar sərnişinlər tərəfindən ləğv olunan reyslər üzrə geriödəniş müraciətləri mərhələli şəkildə və növbəlilik prinsipi əsasında icra olunur".
Bu barədə AFN.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib. "Müraciətlər AZAL-ın daxili qaydalarına uyğun olaraq gündəlik olaraq cavablandırılır. Sərnişin “refund” (geriödəniş) seçimini etdikdən sonra müraciət sistem növbəsinə (“queue”) daxil edilir və aidiyyəti əməkdaşlar tərəfindən emal olunur".
Açıqlamada qeyd edilir ki, geriödəniş əməliyyatı aviaşirkət tərəfindən təsdiqləndikdən sonra vəsaitin sərnişinin hesabına köçürülmə müddəti bank prosedurlarından asılı olaraq dəyişir və maksimum 33 gün təşkil edə bilər: "AZAL müştəri məmnuniyyətini prioritet hesab edərək sərnişin müraciətlərinin operativ və ardıcıl şəkildə həll olunması istiqamətində fəaliyyətini davam etdirir".

