Meksikada dəhşətli yanğın: 5 nəfər həlak olub
Meksikanın Tabasko ştatının Vilyaerosa şəhərində keçirilən ənənəvi illik yarmarkada güclü yanğın baş verib. Hadisə nəticəsində 5 nəfər həyatını itirib.
AFN.az "El Financiero"ya istinadən xəbər verir ki, yanğın "Tabasko" parkının birinci pavilyonunda səhər saatlarında qeydə alınıb. Ştat qubernatoru Xavyer Mey sosial şəbəkə hesabında bildirib ki, fövqəladə hallar xidmətinin çevik müdaxiləsi nəticəsində alovun qarşısı alınıb.
Məlumata görə, alov sürətlə yayılaraq yarmarka ərazisindəki 200-ə yaxın satış nöqtəsini tamamilə külə çevirib. Hadisə zamanı ərazidə olan insanlar təcili təxliyə edilib.
Qubernator həlak olanların ailələrinə lazımi dəstəyin göstəriləcəyini vəd edib. Hazırda yanğının başvermə səbəbləri mütəxəssislər tərəfindən araşdırılır.



