TikTok alqoritmi Respublikaçıların məzmunlarını ön plana çıxarıb
ABŞ-da aparılan yeni bir araşdırma TikTok-un tövsiyə alqoritminin 2024-cü il seçki prosesində Respublikaçılar partiyasını dəstəkləyən məzmunlara sistematik şəkildə üstünlük verdiyini və Demokrat istifadəçiləri rəqib baxışlara daha çox məruz qoyduğunu ortaya qoyub.
AFN.az xəbər verir ki, Nyu-York Universitetinin Abu Dabi kampusunun tədqiqatçılarının "Nature" jurnalında dərc olunan işi TikTok-un "Sizin üçün" bölməsinin qərəzsizliyi ilə bağlı ciddi suallar doğurub.
Araşdırma çərçivəsində yaradılan yüzlərlə saxta hesab vasitəsilə aparılan sınaqlar platforma alqoritminin sadəcə istifadəçi seçimlərini əks etdirmədiyini, həm də müəyyən bir siyasi baxışı daha aqressiv şəkildə təbliğ etdiyini göstərir.
Xüsusilə 18-29 yaş arası gənc seçicilərin siyasi məlumat mənbəyi kimi TikTok-a üstünlük verməsi bu tapıntıların seçki nəticələrinə potensial təsirini daha da əhəmiyyətli edir.
Tədqiqatçılar Nyu-York, Texas və Corciya ştatlarında yerləşdirilmiş 300-dən çox bot hesabdan istifadə edərək 27 həftə ərzində 280 mindən çox videonu araşdırıblar.
Əldə edilən məlumatlar Respublikaçı məzmunlara yönləndirilən hesabların öz baxışları ilə uyğun videoları 11,5 faiz daha çox izlədiyini sübut edib.
Daha diqqətçəkən məqam isə əks baxışlara məruz qalma nisbətində yaşanıb. Demokrat baxışlı olaraq qurulan hesabların Respublikaçı hesablarla müqayisədə rəqib partiyanın məzmunlarını görmə ehtimalı çox daha yüksək çıxıb.
Bu vəziyyət alqoritmin sadəcə maraq dairələrini gücləndirməklə qalmadığını, bir tərəfin arqumentlərini digər tərəfə daha dominant şəkildə təqdim etdiyini göstərir.
Məsələ ilə bağlı açıqlama verən TikTok rəsmiləri isə tədqiqatın metodologiyasına etiraz edərək saxta hesablarla aparılan bu sınağın real istifadəçi davranışlarını əks etdirmədiyini müdafiə ediblər.
Şirkət istifadəçilərin platformada daha geniş məzmun spektri ilə qarşılaşdığını və öz axınlarını idarə etmək üçün bir çox alətə sahib olduqlarını bildirib.
Lakin tədqiqatçılar TikTok-un izləyici tələb etməyən və tamamilə davranış siqnallarına əsaslanan strukturunun alqoritm təsirini ölçmək üçün ən şəffaf mühit olduğunu vurğulayırlar.
Bu çalışma platformaların alqoritmik hesabatlılığı müzakirələrini yenidən alovlandırıb və ekspertlər milyonlarla gənc seçicinin qərarlarına təsir edə biləcək bu növ sistematik fərqliliklərin demokratiyanın gələcəyi baxımından ciddi qəbul edilməli olduğu barədə xəbərdarlıq edirlər.

