Cavanşir Feyziyevin Lixtenşteyn bankında da milyonları bloklanıb?
Araşdırmaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin deputatı Cavanşir Feyziyevin xaricdəki aktivləri ilə bağlı növbəti qalmaqallı sənədləri üzə çıxarıb. Jurnalistin əldə etdiyi məlumatlar deputatın təkcə Londondakı mülklərinin deyil, Avropanın bank hesablarındakı milyonlarının da hədəfə alındığını göstərir.
AFN.az xəbər verir ki, Böyük Britaniya Milli Cinayət Agentliyinin (NCA) iddiası əsasında davam edən proseslərdə yeni detallar məlum olub.
C.Həsənlinin əldə etdiyi məhkəmə qərarına əsasən, Cavanşir Feyziyevin təkcə Londonda "dondurulmuş" 22 daşınmaz əmlakı deyil, eyni zamanda Lixtenşteyndə yerləşən LGT bankındakı hesabı da bloklanıb.
Jurnalist qeyd edir ki, sözügedən hesab hər hansı şirkətin deyil, birbaşa Cavanşir Feyziyevin şəxsi adınadır. Bloklanmış vəsaitin həcmi isə bir neçə milyon İsveçrə frankı ilə ölçülür. "Bizim əjdahalar milyonları "cırtdanlara yedirdirlər" - deyə jurnalist qeyd edib. O, digər məmurların da (Kəmaləddin Heydərovun Andorra nümunəsi) bənzər ofşor zonalarına marağını xatırladıb.
Qeyd edək ki, İngiltərə Ali Məhkəməsinin Cavanşir Feyziyev və ailə üzvləri ilə bağlı qərarları yeni deyil. Britaniya Milli Cinayət Agentliyi (NCA) hələ bir müddət əvvəl ailəyə məxsus on milyonlarla funt-sterlinqin "Azərbaycan Loundromatı" vasitəsilə ölkəyə gətirildiyi şübhəsi ilə araşdırmalara başlamışdı. Bu prosesin davamı kimi, məhkəmə əvvəlcə deputatın ailəsinə məxsus 5,6 milyon funt-sterlinq vəsaitin müsadirə olunması barədə qərar vermiş, son mərhələdə isə Londondakı 22 lüks mənzilə dondurulma qərarı ilə hüquqi məhdudiyyət qoymuşdu.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.





