Cənubi Koreya: Gəmimizdə baş verən yanğın söndürülüb
Cənubi Koreya Hörmüz boğazında Panama bayrağı altında üzən və Cənubi Koreya şirkəti tərəfindən idarə olunan gəmidə partlayışdan sonra yaranan yanğının söndürüldüyünü, hadisə zamanı xəsarət alan olmadığını bildirib.
AFN.az xəbər verir ki, "Yonhap" agentliyinin məlumatına görə, gəmini idarə edən "HMM Co" şirkəti yanğınla bağlı rəsmi açıqlama yayıb.
Məlumatda heyət üzvlərinin təxminən 4 saat ərzində alova müdaxilə etdiyi və yanğının tamamilə söndürüldüyünün təhlükəsizlik kamerası görüntüləri ilə təsdiqləndiyi ifadə olunub. Şirkət yük gəmisini Dubaya çəkməyi planlaşdırır ki, bu prosesin bir neçə gün çəkə biləcəyi qeyd olunub.
"HMM Co" rəsmisi hadisənin kənar müdaxilə, yoxsa texniki nasazlıq səbəbindən baş verdiyinin hələlik dəqiqləşmədiyini vurğulayıb. Cənubi Koreya Prezident administrasiyasının sözçüsü Kanq Yu-junq isə yüksək rütbəli rəsmilərin iştirakı ilə insidentlə bağlı xüsusi iclasın keçirildiyini bildirib.
Xatırladaq ki, Panama bayraqlı gəmi Birləşmiş Ərəb Əmirliyi sahillərində lövbər saldığı zaman yerli vaxtla saat 20:40 radələrində partlayış baş vermişdi. ABŞ Prezidenti Donald Tramp isə ötən gün sosial media hesabında İranın sözügedən gəmiyə hücum etdiyini iddia etmiş və buna cavab olaraq İrana məxsus 7 kateri batırdıqlarını bəyan etmişdi.


